AZ

"ABŞ-nin borc artımı dünya iqtisadiyyatı üçün təhlükədir" – Akif Nəsirli

"ABŞ-nin dövlət borcunun sürətlə artması qlobal maliyyə sistemi üçün bir neçə ciddi risk yaradır. Birincisi, investorların ABŞ hökumətinin borcunu qaytara bilməyəcəyi ilə bağlı narahatlığı artarsa, bu, dünya üzrə maliyyə bazarlarında etimad böhranına səbəb ola bilər. ABŞ dövlət istiqrazları uzun illərdir ən təhlükəsiz investisiya alətlərindən biri sayıldığı üçün onların etibarlılığına kölgə düşməsi qlobal maliyyə sistemində zəncirvari reaksiyalar yarada bilər. İkincisi, borcun artması ilə ABŞ-da faiz dərəcələri yüksələ bilər ki, bu da həm kreditlərin bahalaşmasına, həm də ABŞ daxilində və xaricində qlobal miqyasda iqtisadi artımın zəifləməsinə gətirib çıxarar. Üçüncüsü, ABŞ dollarının dəyərində kəskin dəyişikliklər baş verə bilər ki, bu da beynəlxalq ticarət balanslarını poza bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, Ağ Evin dövlət borcu son dövrlərdə rekord həddə yüksəlib və maliyyə mütəxəssisləri bu tendensiyanın qlobal iqtisadiyyat üçün ciddi təhlükələr yarada biləcəyini qeyd edirlər. ABŞ-nin borc yükünün nəzarətdən çıxması yalnız milli iqtisadiyyata deyil, eyni zamanda beynəlxalq maliyyə bazarlarına da əhəmiyyətli təsir göstərə bilər. Ekspertlər bildirirlər ki, ABŞ defoltla üzləşərsə, qlobal ticarət sistemi, valyuta bazarları və investisiya axınları ciddi sarsıntılarla qarşılaşa bilər.

O qeyd edib ki, ABŞ defolt vəziyyətinə düşərsə, bu, qlobal bazarlarda ciddi panikaya səbəb olaraq səhmlərin qiymətinin düşməsinə, kapitalın təhlükəsiz aktivlərə yönəlməsinə və likvidlik çatışmazlığına gətirib çıxara bilər.

Seçilən
12
aznews.az

1Mənbələr