AZ

Kanak lideri: Məqsədimiz suverenlik hüququnun tanınmasıdır

Kanakinin (Yeni Kaledoniya) Mədəniyyət, idman və gənclər naziri Mikael Forrest "Anewz" kanalına müsahibə verib.

Teleqraf müsahibəni təqdim edir:

- Fransa Yeni Kaledoniyanın statusunu yenidən müəyyənləşdirmək üçün mübahisəli bir plan irəli sürür. Respublika daxilində müəyyən bir suverenlik forması və Fransa vətəndaşlığı ilə yanaşı yeni yerli vətəndaşlıq təklif olunur. Fransa tərəfdarları bunu kompromis adlandırır, müstəqillik tərəfdarları isə bunun müstəqilliyə aparan yolu daha da qeyri-müəyyən saxladığı qeyd olunur. Ayın sonunda Milli Assambleyaya təqdim olunacaq bu təklifə daha yaxından baxmaq üçün söhbətimizə Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) üzvü Mikael Forest qoşulur. Son insan hüquqları hesabatında 2024-cü il iğtişaşları zamanı fransız təhlükəsizlik qüvvələrinin kanak əhalisinə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi iddia olunur. Bu, hazırda müzakirələri gücləndirən əsas amillərdən biridirmi? O vaxtdan bəri həqiqətən nəsə dəyişibmi?

- Dəvətiniz üçün təşəkkür edirəm. Qoşulmama Hərəkatı çərçivəsində gördüyümüz işlərə görə Azərbaycana, eləcə də Bakı Təşəbbüs Qrupuna və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm.

Noumea Sazişinin icrası çərçivəsində, xatırladığınız kimi, kanak xalqı xüsusilə 2024-cü ildə müəyyən çətinliklərlə üzləşib. Bu baxımdan biz beynəlxalq səviyyədə müxtəlif imkanlardan – BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi və İnsan Hüquqları Şurası kimi platformalardan istifadə etmişik. Bu səviyyədə siyasi fəaliyyətin davam etdirilməsi bizim üçün çox vacibdir.

Bildiyiniz kimi, yeni dünya nizamında çoxsaylı geosiyasi dəyişikliklər baş verir və xüsusilə Sakit Okean regionunda FLNKS üçün siyasi dinamikanın qorunması, eləcə də kanak ölkəsinin siyasi təşkilatlanması və suverenliyi baxımından bu imkanlar mühüm əhəmiyyət kəsb edir.

Ötən gün Kanaki Yeni Kaledoniyada bələdiyyə seçkilərinin ikinci mərhələsi keçirildi və FLNKS nəticələrə hörmət edərək Parisə siyasi mesaj göndərdi. Bu həftə Fransa Milli Assambleyasında Yeni Kaledoniya ilə bağlı siyasi qərarın qəbul edilməsi məqsədilə dialoq başlanılıb. FLNKS isə fəaliyyətini bütün səviyyələrdə – milli, regional, Sakit Okean ölkələri çərçivəsində və beynəlxalq platformalarda davam etdirir.

- Milli Assambleyaya təqdim olunacaq bu plan Yeni Kaledoniya üçün tam müstəqilliyi nəzərdə tutmur, lakin mövcud status-kvonu üstələyir. Bu plan həqiqi bir həll yoludur, yoxsa sadəcə müstəqilliyi gecikdirmək üçün bir vasitədir?

- Mövcud vəziyyət Yeni Kaledoniyanın Fransa tərkibində saxlanmasına yönəlmiş bir plan kimi qiymətləndirilir və bu, Noumea Sazişinə uyğun deyil. BMT Baş Assambleyasının dekabr ayında qəbul etdiyi qətnamədə də açıq şəkildə qeyd olunur ki, inzibati hakimiyyət kanak xalqının hüquqlarına, o cümlədən təbii sərvətlər üzərində hüquqlarına hörmət etməlidir.

Biz fəaliyyətə davam edirik, çünki kanak xalqının suverenliyinə nail olana qədər siyasi dinamikanın qorunması vacibdir. Avropada "Brexit", Ukrayna, Qrenlandiya və NATO ilə bağlı siyasi çətinliklər yeni imkanlar yaradır. Məqsədimiz Sakit Okeanda iqtisadi və ya hərbi gücə çevrilmək deyil. Biz kiçik bir xalqıq, öz müqəddəratını təyinetmə hüququnun tanınmasına çalışırıq.

- Hazırda bu konkret təkliflə bağlı müstəqillik tərəfdarı liderlər və fəallar xəbərdarlıq edirlər ki, bu model kanakların səs gücünü zəiflədə bilər. Onlar bu məsələdə haqlıdırmı? Bu konkret model əslində kimin xeyrinədir?

- Sakit Okean regionunda Solomon adaları, Fici və Papua-Yeni Qvineya kimi Melaneziya ölkələri ilə müsbət siyasi əlaqələrimiz mövcuddur və FLNKS Melaneziya Qruplaşması təşkilatının üzvüdür. Sakit Okean adaları forumunun son sammitində də Yeni Kaledoniya ilə bağlı siyasi qərarlar qəbul edilib.

Eyni zamanda Avropadakı bask və katalan müstəqillik tərəfdarları ilə əməkdaşlıq quraraq əsas mesajımızı belə ifadə edirik: regionunuz və xalqınız üçün çalışın. Yeni Kaledoniya üçün isə məqsəd qarşıdakı 50 il üçün inkişafın yeni mərhələsini formalaşdırmaqdır.

- Gəlin “respublika daxilində suverenlik” nəzərdə tutan və Fransa parlamentinə təqdim olunan bu sənədə qayıdaq. Əgər bu sənəd qəbul olunarsa, bu kimlərin xeyrinə olacaq?

- Fransa Prezidenti Emmanuel Makronun Milli Assambleyada çoxluğu yoxdur. Bu səbəbdən ötən ay FLNKS nümayəndələri Parisə səfər edərək müxtəlif siyasi qruplarla dialoq aparıb. Ümid edirik ki, bütün imkanlar açıq saxlanılacaq və qərarların qəbulunda tələskənliyə yol verilməyəcək.

Hazırda Fransa siyasi baxımdan mürəkkəb bir dövrdən keçir və bu, müəyyən mənada yeni imkanlar da yaradır. Tarixə nəzər saldıqda, Fransa müstəmləkəçilik siyasəti çərçivəsində Afrika, Asiya və Sakit okean regionlarında ciddi çətinliklərlə üzləşib.

- Cənab Forest, müstəqillik referendumu davamlı olaraq təxirə salınır. Fransa sadəcə vaxt qazanmağa çalışır, yoxsa maraqlarına uyğun gəlməyən bir nəticədən yayınır?

- FLNKS qurultayı Fransa siyasi rəhbərliyini yanlış kommunikasiya prosesinə son qoymağa və səmimi, real dialoq üçün danışıqlar masasına əyləşməyə çağırıb. Bu dialoqun əsas məqsədi kanak xalqının öz müqəddəratını təyinetmə hüququna hörmətin təmin edilməsidir.

Seçilən
40
5
teleqraf.com

6Mənbələr