AZ

Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ

Bakının əsas nəqliyyat arteriyalarından biri olan Xocasən–Sədərək ticarət mərkəzi istiqamətində magistral yol ciddi problemlərlə üz-üzədir. Yolun müxtəlif hissələrində yaranmış dərin çuxurlar, deformasiyalar və asfalt örtüyünün dağılması həm sürücülər, həm də ümumilikdə nəqliyyat axını üçün real təhlükəyə çevrilib.

Bu barədə Musavat.com-a sözügedən yoldan istifadə edən sürücülər məlumat veriblər. Sürücülər gediş-gəlişdə çox əziyyət çəkdiklərini, maddi ziyana düşdüklərini və hər an təhlükələrlə üz-üzə qaldıqlarını iddia edirlər və müvafiq qurumlardan yolun dağılan hissələrinin təmir olunmasını xahiş edirlər: “Yolun bəzi hissələrində çuxurlar o qədər dərinləşib və eninə böyüyüb ki, sürücülər qəfil manevr etməyə məcbur qalır. Bu isə nəqliyyat vasitələrinin zədələnməsi ilə yanaşı, zəncirvari qəza riskini də artırır. Xüsusilə gecə saatlarında və ya yağışlı havada vəziyyət daha təhlükəli xarakter alır. Sürücülər çuxurları vaxtında görə bilmir, nəticədə həm maddi ziyan, həm də həyat üçün risk yaranır”.

Qeyd edək ki, Xocahəsən – “Sədərək” magistralı təkcə paytaxtın daxili hərəkətini təmin etmir. Eyni zamanda, iri ticarət mərkəzlərinə çıxışı olan, yük daşımalarının intensiv həyata keçirildiyi strateji əhəmiyyətli bir xətdir. Sutka boyu yüzlərlə, bəzən minlərlə yük avtomobili bu istiqamətdən istifadə edir. Bu yol ölkədaxili ticarət və logistika baxımından mühüm əhəmiyyət daşıyan bir xəttdir. Belə bir yolun yararsız vəziyyətə düşməsi artıq təkcə narahatlıq yox, iqtisadi və təhlükəsizlik problemi kimi qiymətləndirilir. Ona görə də məsələ yalnız sürücülərin narazılığı ilə məhdudlaşmır. Bu, artıq ictimai təhlükəsizlik, iqtisadi səmərəlilik və şəhər infrastrukturunun dayanıqlılığı məsələsidir.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
46
6
musavat.com

7Mənbələr