Enerji bazarındakı fasilələr bir ildən çox davam edərsə, Yaxın Şərqdəki münaqişə 2026-2027-ci illərdə Asiyanın inkişaf etməkdə olan ölkələrində iqtisadi artım tempini 0,3-1,3 faiz bəndi yavaşlada, həmçinin inflyasiyanı 0,6-3,2 faiz bəndi sürətləndirə bilər.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) qiymətləndirməsində bildirilib.
ADB-in əsas ssenarisində münaqişənin 2 ayadək davam edəcəyi ehtimal olunur. Bu halda, neft və qazın dünya qiymətləri 2026-cı ilin martında pik həddə çatacaq, sonra isə tədricən münaqişədən əvvəlki səviyyəyə enəcək.
Bu halda "Brent" markalı neftin orta qiyməti 2026-cı ildə bir barel üçün 72 ABŞ dolları və 2027-ci ildə 63 ABŞ dollar təşkil edəcək. Ümumilikdə, ADB vəziyyətin inkişafının üç ssenarisini hazırlayıb.
Birinci ssenari çərçivəsində tədarükdəki fasilələr iyunun sonunadək davam edərsə, neftin orta qiyməti üçüncü rübdə bir barel üçün 105 ABŞ dollarına qədər yüksələ bilər. Asiyanın inkişaf etməkdə olan ölkələrinin ÜDM artımı 0,3 % faiz bəndi yavaşlayacaq, inflyasiya 0,6 faiz bəndi sürətlənəcək.
İkinci ssenariyə görə, əgər Hörmüz boğazı sentyabrın sonunadək bağlı qalarsa, o zaman neftin bir barelinin qiyməti orta hesabla ikinci rübdə 130 ABŞ dolları, üçüncü rübdə isə 120 ABŞ dolları təşkil edəcək. Bu halda region iqtisadiyyatının artım templəri 0,7 faiz bəndi yavaşlayacaq, inflyasiya isə 1,2 faiz bəndi artacaq.
Üçüncü ssenari tədarük problemlərinin 2027-ci ilin fevral ayının sonunadək davam edəcəyini ehtimal edir, bu da bu ilin ikinci rübündə neft kotirovkalarının 155 ABŞ dollarına qədər yüksəlməsinə təkan verəcək.
Bundan sonra cari ilin üçüncü rübündən 2027-ci ilin birinci rübünədək olan dövrdə neftin orta qiymətinin bir barel üçün 140 ABŞ dolları ətrafında olacağı gözlənilir. Bu variantda regionun ÜDM-i üçün mənfi təsir 1,3 faiz bəndi təşkil edəcək, inflyasiya isə 3,2 faiz bəndi sürətlənəcək.
ADB-nin qiymətləndirmələrinə görə, Yaxın Şərqdəki münaqişə ən çox Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiya ölkələrinə təsir göstərəcək. Onlar üçün 2026-2027-ci illərdə iqtisadi artıma ümumi mənfi təsir 1,6 faiz bəndi, bu dövrdə inflyasiyanın artımı isə 4,5 faiz bəndi təşkil edə bilər.
"Cebheinfo.az"