AZ

“Məsumiyyət Muzeyi” serialı izləyicini niyə yorur? TƏHLİL KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ədəbi əsərin əvvəlcə şəhərin simvoluna, sonra isə populyar mədəniyyət fenomeninə çevrildiyini hər gün görmürük. Xüsusən də yazıçı özü serialda rol alırsa, bu, kitabsevərlərin ürəyinə yağ kimi yayılır.

Bu gün Türkiyədə məşhur olan 3 saatlıq seriallardan fərqli olaraq, 9 bölümdən ibarət mini serialı təhlil edəcəyəm.

Nobel mükafatçısı Orxan Pamukun eyniadlı romanı əsasında çəkilən “Məsumiyyət Muzeyi” adlı mini serial Netflix platformasında yayımlanıb. Gərgin günlər arasında vaxt tapıb nəhayət serialı bitirə bildim.

Romanı oxumayan, muzeyə getməyən və seriala baxmayanlar üçün qısa xülasə verim.

1975-ci ildə Nişantaşılı, 30 yaşlı, varlı və nişanlı Kamal 18 yaşlı uzaq qohumu Füsuna aşiq olur. “Kəpənək effekti” kimi, “Jenny Colon” markalı çanta təsadüfi eşqə yol açır. Yəqin ki, bu markanın belə böyük bir eşqə səbəb olacağından heç xəbəri də yoxdur. Əslində, uşaqlıqda bir yerdə oynayan, Kamalın velosipedini sürən Füsun bəlkə də onu elə o vaxtdan sevirmiş. Hadisələr də elə bundan sonra başlayır.

Bu gün belə münasibətləri daha çox ucqar yerlərdə və köhnə düşüncəli mühitlərdə görürük. Amma həmin dövrdə Kamal müasir, savadlı, Avropada olmuş bir insan idi. Onun sevgisi o qədər dərinləşir ki, artıq psixoloji “takıntı” halını alır. Füsunun əşyalarını gizlicə götürüb toplamağa başlayır. Nişanlı olduğu halda Füsun yoxa çıxır və Kamalın əşyalara bağlılıq problemi daha da dərinləşir. Məsələn, qəndqabının qapağındakı üzüməbənzər hissəni Füsunun sinəsi kimi təsəvvür edib öpməsi onun vəziyyətinin ağırlığını göstərir.

Kitabı oxuyarkən bu qədər ikrah hissi keçirməmişdim. Serialda isə intim səhnələrin çoxluğu, nə qədər estetik təqdim olunsa da, bir müddət sonra izləyicini yorur. Hətta bəzi səhnələri irəli çəkmək məcburiyyətində qaldım. Uşaqlıqda “Yeşilçam” filmlərinə baxarkən belə səhnələrdə utanıb gözümüzü yumduğumuz günlər yadıma düşdü.

Hekayənin əvvəlindən Füsun Kamalın nişanlı olduğunu bilsə də, buna məhəl qoymur və münasibətə razı olur. Halbuki həmin dövrdə Türkiyədə də bəkarət məsələsi ciddi qəbul edilirdi.

Romanı oxuyarkən gözümün önündə o dövrün İstanbulu canlanırdı, lakin serial bu effekti verə bilmədi. 70–80-ci illərin İstanbul atmosferi hiss olunmurdu. Halbuki həmin dövrdə Türkiyə iqtisadi baxımdan inkişaf edir, Avropa ilə yaxınlaşırdı. Pamukun əsərində isə ictimai tarix, burjuaziya tənqidi və Yeşilçam istinadları açıq hiss olunurdu.

Türkiyənin ən böyük eşq hekayələrindən biri kimi təqdim olunsa da, məncə, bizim ədəbiyyatda bundan daha güclü sevgi hekayələri var. Bu hekayə bir qədər şişirdilmiş təsir bağışlayır.

Füsun yoxa çıxdıqdan sonra Kamalın nişanlısına qayıtmaq cəhdləri uğursuz olur. O, ucuz bir oteldə yaşayır, atasını itirir və bütün ağrısına baxmayaraq yenə də Füsunu axtarır. Bir müddət sonra Füsundan məktub alır və böyük ümidlə onun yanına gedir. Lakin məlum olur ki, Füsun artıq başqa biri ilə evlənib.

Bu mərhələdən sonra əsərin Yeşilçam melodramları ilə əlaqəsi daha da aydın görünür, lakin serial onlardan tam asılı qalmır və realist şəhər dramı kimi inkişaf edir.

Kamal anlayır ki, Füsunun onu çağırmaqda məqsədi kino ulduzu olmaqdır və ona maddi dəstək kimi baxır. Lakin eyni zamanda onun içində qəzəb və intiqam hissi də var.

Əslində, bütün problemlərin kökü Kamalın xarakterindədir. Onların münasibətində əsas qırılma nöqtəsi Hiltondakı nişan mərasimində baş verir.

Füsun getdikdən sonra Kamal sanki öz “daxili Yeşilçam”ını kəşf edir və köhnə filmlərdəki kimi hər şeyi riskə atan aşiqə çevrilir. Hər axşam Çukurcumadakı evə getməsi onun üçün bir növ şəxsi film səhnəsinə çevrilir.

Serialın son bölümlərində isə Füsunun psixoloji gərginliyi artır və hekayə daha qaranlıq, daha dərin məna qazanır. Artıq maneə xarici deyil, Füsunun daxili dünyasındadır.

Nəhayət, 8 ildən sonra Füsun boşanır. Lakin onun daxili qarışıqlığı, qəzəbi və qərarsızlığı davam edir. O nə istəyir? Azadlıq, yoxsa keçmişin qisası?

Kamalın sevgisi isə təkcə məhəbbət deyil, həm də böyük daxili boşluğun nəticəsidir. Onun Füsuna bağlılığı əşyalar vasitəsilə davam edir və bu, onun psixoloji vəziyyətini daha da açıq göstərir.

Onlar nişanlansalar da, hekayə xoşbəxt sonluqla bitmir. Füsun avtomobili sürətlə idarə edərək qəza törədir və ölür. Kamal isə yaşayan bir kölgəyə çevrilir. O, topladığı əşyalarla muzey yaradır və həyatının sonunu tək keçirir.

Adı “Məsumiyyət Muzeyi” olsa da, bu hekayə məsumluqdan çox uzaqdır.

Dəniz Pənahova

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
konkret.az

2Mənbələr