AZ

ABŞ İran savaşında yeni mərhələ başlayır? Region üçün gözlənilən TƏHLÜKƏ FOTO

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-İsrail-İran qarşıdurması fonunda Ağ Evin yaxın günlərdə İranda quru əməliyyatı keçirməyə hazırlaşması əsas müzakirə mövzularındandır. Düzdür, ABŞ-də keçirilən son rəy sorğuları göstərir ki, cəmiyyətin böyük hissəsi İranla mümkün genişmiqyaslı müharibə ssenarisinə, xüsusilə də quru qoşunlarının göndərilməsinə qarşıdır, amma Vaşinqton tərəfindən Tehrana qarşı mümkün quru əməliyyatı barədə səslənən iddialar ehtimalları daha da qabardır və regionda yeni müharibə ssenarilərini aktuallaşdırır.

Bəs belə bir addımın baş verməsi mümkündürmü və nəticədə region üçün hansı təsirlər yarada bilər?

Mövzunu Oxu.Az-a şərh edən beynəlxalq münasibətlər üzrə şərhçi Yeganə Hacıyeva bildirib ki, ABŞ-nin İran üçün bu günlərdə start verəcəyi model tam işğal deyil, İrana qarşı "ağırlaşdırılmış, amma məhdud müharibə" modelidir:

"Hazırkı mərhələdə ABŞ-nin yanaşması İrana qarşı tam işğaldan daha çox, onun raket potensialını zəiflətməyə, dəniz nəqliyyatına nəzarəti gücləndirməyə və hərbi infrastrukturunu sıradan çıxarmağa yönəlmiş məhdud hərbi hədəflər üzərində qurulub. "Tam quru müharibəsi" ehtimalına qarşı ən güclü arqument Birləşmiş Ştatların regionda əvvəlki təcrübəsidir. Məsələ ondadır ki, İran 2003-cü ilin İraqı deyil, o daha böyük əraziyə, daha çox əhaliyə, mürəkkəb coğrafiyaya və SEPAH kimi ideoloji silahlı strukturlara malikdir. Ən əsası isə açıq müharibədə zəifləsə belə uzunmüddətli asimmetrik müqavimət göstərə bilər".

"İranın klassik simmetrik müharibə səddi həmişə zəif olub və o üzdən quru müdaxilə halında İranın uzun müddət tab gətirməsi çətin olacaq. Çünki İranın əsas gücü asimmetrik müqavimət qabiliyyətidir. Buna görə də ABŞ üçün əsas məsələ İrana daxil olmaqdan daha çox, orada uzun müddət qalmaq və nəzarəti saxlamaq planlarıdır. ABŞ-nin İraq və Əfqanıstan təcrübəsi göstərib ki, hərbi qələbə avtomatik olaraq siyasi sabitlik yaratmır. Odur ki, hazırda daha real görünən ssenari xüsusi təyinatlı əməliyyatlar, sahil və boğaz zonalarının nəzarətə götürülməsi üçün quru müdaxilə və Hörmüz boğazı ətrafı da daxil olmaqla strateji nöqtələrin tutulması və o zonalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir", - deyə analitik vurğulayıb.

Müsahibimizin sözlərinə görə, ABŞ İrana quru müdaxiləsinə başlasa, ilk mərhələdə hava üstünlüyü, yüksək kəşfiyyat imkanları, uzaqmənzilli zərbə gücü və güclü logistika sayəsində hərbi baxımdan üstün mövqedə olacaq və strateji hərbi obyektlərə nəzarəti gücləndirəcək:

"Lakin bu cür ilkin taktiki uğur Vaşinqton üçün siyasi olaraq yalnız o halda real qazanca çevrilə bilər ki, hərbi üstünlük uzunmüddətli işğal, regional eskalasiya və idarəolunmaz müqavimət bataqlığına çevrilməsin. ABŞ üçün əsas risk ondan ibarətdir ki, İran ordusunu hərbi baxımdan zəiflətmək və ya məğlub etmək, İranı siyasi-ideoloji sistem kimi çökdürmək demək deyil.

Müharibə qısa müddətdə klassik cəbhədən çıxaraq proksi müharibə, şəhər döyüşləri, bazalara və təchizat xətlərinə hücumlar, eləcə də dron-raketlərlə uzunmüddətli tükəndirmə modelinə keçə bilər. Bu isə Vaşinqton üçün "ikinci İraq və ya Əfqanıstan, amma daha ağır" ssenarisi yarada bilər".

"Quru müdaxiləsi ABŞ ordusunda itkiləri artırmaqla yanaşı, milyardlarla əlavə xərc yaradacaq ki, ABŞ daxilində iqtidara siyasi təzyiqi yüksələcək və uzunmüddətli xarici müharibələrdən artıq yorulmuş Amerika cəmiyyətində ciddi narazılıq doğuracaq. Cavab olaraq İran müharibəni yalnız öz ərazisi ilə məhdudlaşdırmayıb, İraq və Suriyadakı ABŞ obyektlərini, Körfəz ölkələrindəki bazaları, enerji infrastrukturunu və dəniz nəqliyyatını hədəfə alacaq ki, bu da qarşıdurmanı ABŞ üçün İran daxilindən çıxarıb bütün regiona yayan təhlükəli eskalasiya ssenarisi yaradacaq. İran, hətta quru müharibəsində zəifləsə belə, tanker hücumları, dəniz minaları, dron zərbələri və neft-qaz infrastrukturuna hücumlar vasitəsilə Hörmüz boğazı üzərindən qlobal iqtisadiyyata ciddi zərbə vuraraq neft qiymətlərini artırıb, inflyasiyanı sürətləndirib və ABŞ-yə qarşı beynəlxalq siyasi təzyiq yaradıb. Belə ki, müharibə ABŞ-nin üzərində yalnız hərbi deyil, eyni zamanda, ciddi beynəlxalq siyasi və diplomatik təzyiq formalaşdırıb. Əməliyyatların legitimliyi, mülki itkilər və regional sabitliyin pozulması Vaşinqtona qarşı qlobal tənqid dalğasını gücləndirib. Bu fonda ABŞ həm beynəlxalq hüquq, həm də müttəfiqlərlə münasibətlər müstəvisində öz addımlarını daha çətin əsaslandıran bir siyasi müdafiə mövqeyinə sıxışdırılıb. Məhz buna görə Vaşinqtonun, böyük ehtimalla, son ana qədər hava və dəniz üstünlüyünə söykənən müharibə modeli ilə hərəkət etməklə, məhdud quru əməliyyatları ilə kifayətlənəcək və tammiqyaslı işğaldan yayınmağa çalışır", - deyə Y.Hacıyeva diqqətə çatdırıb.

O, qeyd edib ki, istər bu dəfə, istərsə də 12 günlük müharibədə ABŞ və İsrailin məqsədləri eyni olmayıb:

"ABŞ daha çox İranın hərbi imkanlarını zəiflətmək və bölgədə təhlükəsizliyi təmin etmək istəyir. İsrail isə daha çox İran rejiminin strateji arxitekturasını sarsıtmaq və uzunmüddətli təhlükəni kökündən zəiflətmək istəyir. Buna görə də ABŞ bir nöqtədə "bu qədər kifayətdir" deyir, İsrail isə daha dərin nəticələr əldə etmək istəyir, bu da iki müttəfiq arasında fikir ayrılığı yaradıb. İran üçün risklər haqqında onu deyə bilərəm ki, ABŞ-nin quru müdaxiləsi İran üçün çox ağır nəticələr verəcək. İran üçün hərbi infrastruktur, logistika və rabitə xətlərinin dağılması, hərbi komandanlıq sisteminin zəifləməsi, müdafiə sənayesinin sıradan çıxması, strateji bölgələr üzərində nəzarətin itirilməsi və s. kimi dəhşətli nəticələrə gətirəcək".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
oxu.az

1Mənbələr