AZ

Gizli profil psixologiyası daxildəki aqressiyanı təhdidlər şəklində üzə çıxarır AÇIQLAMA

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Avroviziya" təmsilçimiz Nigar Camal ünvanına yazılan tənqidlərə cavab verib.

Sənətçi ən çox qadınların mənfi rəy yazdığını bildirib:

"Həmişə olduğu kimi, ən aqressiv şərhləri qadınlar yazır. Əziz, dəyərli xanımlar, bayramdan və yaz havasından zövq alın. Sevin və sevilin, onda bəlkə mənim paylaşımlarımın altında mənasız şeylər yazmaq istəməzsiniz. Hamıya xoşbəxtlik arzulayıram".

Mütəxəssislər qeyd edir ki, sosial mediadakı davranışlar insanın real kimliyinin güzgüsüdür. Sağlam şəxsiyyət fikir ayrılığını mədəni polemika ilə, daxili problemi olan fərd isə təhqirlə ifadə edir. Bu psixologiyanın qarşısını almaq üçün fərdlər öz emosional vəziyyətlərinə məsuliyyətlə yanaşmalı, virtual mühitdə də insan ləyaqətinə hörmət etməyi öyrənməlidirlər.

Psixoloq Orxan Oruc Sherg.az-a bildirib ki, virtual dünyanın təmin etdiyi məsafə hissi və anonimlik, insanlarda saxta bir cəsarət formalaşdırır:

"Real həyatda "üz-üzdən utanar" prinsipi ilə etik normalara riayət edən fərdlər, ekran arxasında gizlənərək cəzalandırılmayacaqlarına inanırlar. Bu "gizli profil" psixologiyası, insanın daxilindəki yatmış aqressiyanı təhqiramiz ifadələr və təhdidlər şəklində üzə çıxarır. İnsanlar ailədə, iş mühitində və ya şəxsi həyatlarında yaşadıqları uğursuzluqları, rəhbərliklə yaşanan polemikaları və gündəlik stresi birbaşa ünvanına çatdıra bilməyəndə, bu neqativ enerjini sosial şəbəkələrdə "boşaldırlar". Tanımadıqları insanların paylaşımlarına yazılan sərt şərhlər, əslində qarşı tərəfə deyil, şərhi yazan şəxsin öz daxili narazılığına və disbalansına xidmət edir. Bu, sağlam şəxsiyyətin deyil, zəif empatiya və özünə inamsızlığın göstəricisidir. Qadınların virtual mühitdə kişiləri geridə qoyan aqressiya nümayiş etdirməsi, onların sosial basqılar altında daha çox sıxılmalarından və bu mühiti yeganə "azadlıq" meydanı kimi görmələrindən qaynaqlana bilər. Bu da onların real həyatda etməyə cəsarət etmədikləri davranışları virtual mühitdə rahatlıqla sərgiləməsinə səbəb olur. Digər tərəfdən, bəzi insanlar daxili narazılıqlarını, streslərini və ya komplekslərini məhz bu cür aqressiv davranışlarla “boşaltmağa” çalışırlar. Nigar Camalın da vurğuladığı kimi, bu aqressiyanın kökündə şəxsi xoşbəxtlik və sevgi çatışmazlığı dayanır".

Psixoloq qeyd edib ki, qarşı tərəf bizə heç bir zərər vermədiyi halda, sadəcə fərqli düşüncəyə malik olduğuna görə onu təhqir etmək və ya hədələmək ciddi etik və psixoloji problemin göstəricisidir:

" Bu, insanın empatiya qabiliyyətinin zəifliyindən, özünə inamsızlıqdan və ya daxili balanssızlıqdan qaynaqlana bilər. Sağlam şəxsiyyətə malik insan fikir ayrılığını təhqirlə deyil, arqumentlərlə və mədəni ünsiyyətlə ifadə edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
sherg.az

1Mənbələr