AZ

Meningonok bu bakteriyadan yaranır İnfeksionistdən AÇIQLAMA

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

İngiltərədə meningokok infeksiyasının yayılması geniş rezonans doğurub. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, Kent bölgəsində, xüsusilə Kenterberi ətrafında 23 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Mütəxəssislər bildirir ki, nadir görülən meningokok infeksiyası ciddi təhlükə daşıyır və qısa müddətdə ağır nəticələrə -beyin qişalarının iltihabı (meningit) və qan zəhərlənməsi (sepsis) səbəb ola bilər.

İnfeksionist Aytən Ziyadova AZXEBER.COM-a açıqlamasında bildirib ki, meningokok infeksiyası son dərəcə ciddi və təhlükəli bir xəstəlikdir:

"Meningokok infeksiyası son dərəcə ciddi və təhlükəli bir xəstəlikdir. Bu infeksiya "Neisseria meningitidis” adlı bakteriyadan qaynaqlanır və əsasən beyin qişalarının iltihabına (meningit) və qanın zəhərlənməsinə (sepsisə) səbəb olur. Bu xəstəlik çox sürətlə irəliləyərək həyat üçün ciddi təhlükə yarada bilər. Meningokok infeksiyası nadir hallarda rast gəlinməsinə baxmayaraq, hər yaşda insanı təsir edə bilər, lakin xüsusilə uşaqlar və gənclər risk altındadır”.

İnfeksionist qeyd edib ki, infeksiyanın əlamətləri çox sürətlə inkişaf edir:

"Əlamətləri çox sürətlə inkişaf edir və ilkin mərhələdə yüksək hərarət, baş ağrısı, qusma, boyun sərtliyi, şüur itkisi, dəridə səpkilər və işığa qarşı həssaslıq kimi simptomlarla özünü göstərir. Bu simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət etmək çox vacibdir, çünki xəstəlik müalicə olunmazsa, ağır nəticələrə səbəb ola bilər”.

A.Ziyadova bildirib ki, bu infeksiyanın geniş yayılması mümkündür:

"Meningokok infeksiyasının daha geniş yayılması mümkündür. Azərbaycanda da bu xəstəliyin baş verməsi ehtimalı mövcuddur, hər bir ölkədə olduğu kimi. Lakin bunun qarşısını almaq üçün yerli səhiyyə orqanları daim tədbirlər görür. Xəstəliyin yayılmasının qarşısını almağın ən effektiv yolu vaksinasiyadır. Bu vaksinin mövcud olduğu və xüsusilə risk qrupuna daxil olan şəxslərə tətbiq edildiyi ölkələrdə infeksiyanın yayılma ehtimalı daha aşağıdır. Bununla yanaşı, yoluxmuş şəxslərlə yaxın təmasdan qaçınmaq, gigiyena qaydalarına riayət etmək və əlləri tez-tez yumaq infeksiyanın qarşısını almağa kömək edir”.

İnfeksionist vurğulayıb ki, meningokokun özünə aid peyvəndi mövcuddur:

"Baxsero meningokok B serotipinə qarşı qoruyan və meningitlə sepsis kimi ağır infeksiyaların qarşısını almaq üçün istifadə olunan peyvənddir. Bu vaksin bakteriyanın zərərli komponentlərinə qarşı immun cavab yaradaraq xəstələnmə riskini azaldır. Adətən 2–3 doza şəklində, 2 aylıqdan etibarən tətbiq olunur. Xüsusilə gənclər, immun sistemi zəif olanlar və riskli bölgələrə səyahət edənlər üçün tövsiyə edilir. Türkiyədə olduğu kimi Azərbaycanda da xəstənin öz istəyi ilə könüllü şəkildə vurulur”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
azxeber.com

1Mənbələr