Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.
“20-30 ildən sonra Rusiya Federasiyası adlı dövlət olacaqmı – sual budur”
Rusiyanın ən təcrübəli siyasətçilərindən biri, müxalif sayılan “Yabloko” partiyasının lideri Qriqori Yavlinski tanınmış “Youtube” kanallarından birinə maraqlı müsahibə verib. Son illər Kremlə müxalifliyi şübhə ilə qarşılansa da, Yavlinski bir çox hallarda hadisələrin gedişinə rasional yanaşmaları ilə seçilib və onun proqnozları əksər hallarda özünü doğruldub.
Məsələn, o, hələ müharibənin ilk ilinin tamamında müsahibələrinin birində tərəfləri razılaşma ələ etməyə çağıraraq demişdi ki, bu savaş daha bir neçə il də davam etsə, cəbhədə yenə dəyişən bir şey olmayacaq və sadəcə, hər iki tərəf daha çoxlu sayda insan itkisi verəcək.
Yavlinski müsahibədə hazırkı dünyanın əsl xaos yaşadığını deyib: “Hazırda qlobal siyasətdə nizamsızlıq və xaos artır. Demək olar ki, hər kəs cari hadisələri müzakirə edir və bunların hamısının hara aparacağını düşünür: Tramp, Yaxın Şərq, Avropa, Ukrayna, Rusiya və qlobal iqtisadiyyatın taleyi necə olacaq? Heç kim cavabları bilmir və buna görə də diametral olaraq əks qiymətləndirmələr və fikirlər səsləndirilir.
Bizim fikrimizcə, vəziyyət həqiqətən həyəcan verici və son dərəcə təhlükəlidir. İnsanlar ölür və faciəli hadisələrin miqyası daha da arta bilər. Lakin vəziyyəti internetdən və təbliğat nəşrlərindən əldə edilən məlumatlara əsasən təhlil etmək - jurnalistlərin və politoloqların hazırda etdikləri kimi - mənasızdır. Bu, xaosdur. Bir dövr başa çatdı. Bu dövrün bütün struktur elementləri köhnəlib: Birləşmiş Millətlər Təşkilatı, Təhlükəsizlik Şurası, bir çox Avropa strukturları və əvvəlki münasibətlər sistemi təsirini itirir. Amma ən əsası, azadlıq və insan ləyaqətindən daha vacib bir şeyin olmadığı anlayışı ön plandan yoxa çıxır. Bütün bunlar arxa plana atılıb və yalnız onlarla, yüzlərlə, minlərlə ölənlərin sayı müzakirə olunur... Bu, bir dövrün sonudur. Bu, çox təhlükəli bir vəziyyətdir. Bəs problem nədir? Bunu heç kim başa düşmür”.
Yavlinski hər nə qədər Kremllə işbirliyində ittiham olunsa da, Rusiyanın qlobal səviyyədə uduzduğunu etiraf edib: “Rusiya məğlub olub. Onun 1990-cı illərin islahatları da daxil olmaqla, bütün islahatları uğursuzluğa düçar olub. Sizə baş verən üç əsas hadisəni deyə bilərəm. Rusiya iqtisadi islahatları uğursuzluğa düçar edib. Daha sonra cinayətkar əsaslarla özəlləşdirmə həyata keçirib və bu səbəbdən məhkəmə sistemini, müstəqil parlamentini və müstəqil mətbuatını itirib. Üçüncüsü, Rusiya Stalin dövrünə dövlət səviyyəsində qiymət verməyib. Buna görə də, bu gün hər üç sahədə nələrin baş verdiyini görürsünüz; Rusiyanın özünü bu vəziyyətə salmasının səbəbləri bunlardır. Mən bu barədə hələ 2022-ci ildə, bu kabus(Ukraynaya qarşı işğalçılıq müharibəsi-red.) başlayanda yazmışam”.
Bununla yanaşı, Yavlinski dolayısı ilə Rusiyanın işğalında digər səbəblərlə yanaşı, Ukraynanın öz neytrallığını saxlamamasını da səbəb kimi göstərib: “Bəli, bu, həm də Rusiyada islahatları həyata keçirə bilməməyimizdən irəli gəlirdi. Bəli, bu, həm də mövcud sistemimizdən irəli gəlirdi. Amma bu, hamısı deyil - qarşı tərəfdə də səbəblər var və onlar həll olunmalı, üzərində işlənməlidir. İlk növbədə, atəşkəsə ehtiyacımız var, biz dayanmalıyıq… Mən inanıram ki, ortaq məxrəc tapmaq üçün ilkin səbəblərin aradan qaldırılması vacibdir, lakin bu, atəşkəs dövründə, atəşkəsdən sonra edilməlidir; əvvəlcə atəşkəs, sonra isə səbəbləri müzakirə etmək cəhdi. Səbəblərin aradan qaldırılması böyük bir işdir, daha da uzaqda olan bir şeydir, amma heç olmasa əsl səbəblərin müzakirəsi zəruridir…
İndiyə qədər söhbət ərazilər haqqındadır. Məncə, vacib məsələ bu deyil - vacib məsələ buna səbəb olan digər səbəblərdir. Ərazilər indi təcili bir məsələyə çevrilir, çünki çoxlu insan ölüb və bu barədə nə edəcəyimiz bəlli deyil…
Dediklərimin məqsədi insanların məhv edilməsini dayandırmaq və sonra bu əsasda danışıqlar aparmaqdır, çünki biz yenə də yan-yana yaşamağa məhkumuq. Bunu deyəndə yalnız Ukraynanı nəzərdə tutmuram - bütün Avropanı və hətta qismən də ABŞ-ni nəzərdə tuturam”.
Yavlinski müsahibəsində Rusiyanın qanlı, işğalçı, repressiya tarixinə qiymət verilməli olduğunu deyib və bu kontekstdə ölkənin gələcəyinin ciddi suallar doğurduğunu qeyd edib: “Məsələn, Rusiyada Stalinizmin dövlət və konstitusiya səviyyəsində qiymətləndirilməsi vacibdir. Bunun bir daha təkrarlanmamasını təmin etmək üçün qanunlar sisteminin yaradılması da vacibdir… Məsələn, indiki nəslin əsas sualı ölkənizin yaşayıb-yaşamayacağı ilə bağlıdır. Sual budur: 20-30 ildən sonra Rusiya adlı bir dövlət, Rusiya Federasiyası olacaqmı?”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.