AZ

ABŞ borc bataqlığında: dünya iqtisadiyyatını nə gözləyir?

Ağ Evin dövlət borcu son dövrlərdə rekord səviyyəyə çatıb və maliyyə ekspertləri bu vəziyyətin qlobal iqtisadiyyat üçün ciddi risklər yaratdığını bildirirlər. ABŞ-ın dövlət borcunun idarəolunmaz həddə çatması təkcə ölkə iqtisadiyyatına deyil, həm də bütün dünya üzrə maliyyə bazarlarına ciddi təsir göstərə bilər. Ekspertlərin fikrincə, ABŞ defolt vəziyyətinə düşərsə, qlobal ticarət, valyuta bazarları və investisiya axınları kəskin sarsıntılarla üzləşəcək.

Belə bir ssenaridə ən çox hansı ölkələrin təsirlənəcəyi sual doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ABŞ-ın dövlət borcu davamlı şəkildə artmaqdadır.

Eldəniz

İqtisadçının sözlərinə görə, son 10 ilə nəzər saldıqda ABŞ borcunun artmadığı bir il belə olmayıb:

“Ən maraqlı məqam ondan ibarətdir ki, ABŞ dövlət səviyyəsində borcun bu qədər artmasına baxmayaraq, ciddi narahatlıq nümayiş etdirmir. Bununla belə, bəzi hallarda bu istiqamətdə müəyyən addımların atıldığı da müşahidə olunur”.

Eldəniz Əmirov qeyd edib ki, ABŞ üçün əsas problem borcun artım tempinin yüksək olması deyil:

“Bunun əsas səbəbi ondan ibarətdir ki, hazırda ABŞ-dan bu borcun dərhal qaytarılmasını tələb edən konkret tərəf yoxdur. ABŞ lazım gəldikdə borclarını yenidən borclanma yolu ilə bağlaya bilir”.

Əmirov vurğulayıb ki, ABŞ qlobal maliyyə sistemində xüsusi mövqeyə malikdir:

“ABŞ dünyada həm maliyyə qurumlarının, həm də digər dövlətlərin ən rahat şəkildə borc verdiyi ölkədir. Faktiki olaraq heç kim ABŞ-dan borcunu dərhal tələb edə bilmir. ABŞ indiyədək öhdəliklərini bəzən gecikmə ilə, bəzən isə yeni borclanma hesabına yerinə yetirib”.

İqtisadçı əlavə edib ki, ABŞ-ın defolt ehtimalı olduqca aşağıdır. Lakin belə bir hal baş verərsə, nəticələri qlobal miqyasda hiss olunacaq:

“Bu məqamları ona görə vurğulayıram ki, ABŞ-ın defolt olması real təhlükə deyil, ehtimal çox aşağıdır. Amma belə bir ssenari baş verərsə, dünya maliyyə sistemi ciddi şəkildə sarsılar. ABŞ-da baş verən iqtisadi böhranlar adətən qlobal böhranlara çevrilir. ABŞ-ı maliyyə sistemində ‘hörümçəyin bədəni’ kimi təsəvvür edə bilərik. Əgər bu bədən zərər görərsə, bütün sistem çökmə riski ilə üzləşər. Buna görə də ABŞ-ın müflis olması ehtimalı üzərində ciddi düşünməyə ehtiyac yoxdur”.

Dəniz Pənahova,

KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr