AZ

“İran 1 trilyon dollar xərclədiyi uran ehtiyatlarını təhvil verməyəcək...”- "Bu, faktiki III Dünya müharibəsidir..."- Sabiq səfir

“Əgər müharibə bitərsə, xalqın rejimə qarşı çıxıb-çıxmayacağı barədə danışmaq hələ tezdir... Bəli, İran xalqında böyük vətənpərvərlik hissi var.  Amma eyni zamanda..."
 
“Bilirsiniz, İranda on illərdir belə bir model var ki, daxildə narazılıq yarananda, ortaya xarici düşmən obrazı çıxarılır və gərginlik olduğu zaman xalq dövlət ətrafında birləşdirilir. Buna bir misal yadımdadır: 2003-cü ildə İraqa amerikalılar hücum edəndə bəyan edildi ki, yaxın vaxtlarda İran da vurulacaq. Və biz o zaman xalqın İran dövləti ətrafında birləşməsini açıq-aydın gördük. Bəli, İran xalqında böyük vətənpərvərlik hissi var.  Amma eyni zamanda bu gün həmin xalqın hələ bu müharibədən illər öncə yaranmış həddindən artıq ciddi və ağır problemləri mövcuddur ki, onların həll olunması vacibdir.”
 
Azərbaycanın İrandakı keçmiş səfiri bu fikirləri Moderator.az-a açıqlamasında “ABŞ-İsrail cütlüyünün İrana qarşı artıq bir aya yaxındır ki, davam edən savaşından sonra hansı nəticəyə gəlirsiniz; İran xalqının savaşa real münasibəti necədir və hərbi əməliyyatların dayanacağı halda yenə də molla rejiminə qarşı etirazlar baş qaldıracaqmı?” sualını cavablandırarkən dilə gətirib.
 
“İndi, əvvəla, gəlin hələ “əgər” şərtini kənara qoyaq və baxaq görək müharibə nə vaxt dayanacaq, necə dayanacaq, müharibədən sonra ölkə hansı vəziyyətdə olacaq, ayaq üstə durmağa qadir olacaqmı? Amma görünən odur ki, danışıqlar barədə xəbərlər yayılsa da, hələ ki ABŞ- İsrail koalisiyası ilə İran arasında savaş dayanmır. Tramp dəfələrlə iddia edir ki, guya İran tərəfi ilə “çox faydalı danışıqlar aparır”. Lakin məlum olur ki, bunlar sadəcə sözdür. Birbaşa danışıqlardan söhbət getmir. Düzdü, mediada tərəflərin bir-birinə qoyduğu şərtlər də ortaya çıxıb. ABŞ-İsrail tərəfindən səsləndirilən təxminən 12 şərt müharibədən əvvəl də irəli sürülürdü. İndi onlara Hörmüz boğazının açılması şərti də əlavə edilir”, - deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb.  
 
Diplomat hesab edir ki, təxminən bir aylıq savaşın ölkə üçün ağır nəticələrinə rəğmən rəsmi Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını təhvil vermək niyyəti yoxdur:
 
“Məlum olduğu kimi, İran qarşısında qoyulan ən əsas şərt 435 kiloqram təmizlənmiş uranı təhvil verməkdir. Sözsüz ki, İran bunu etməyəcək. Ən azı ona görə ki, İslam inqilabından- 1979-cu ildən indiyə qədər, yəni son 47 il ərzində bu dövlət nüvə layihəsinə təxminən 1 trilyon dollar vəsait xərcləyib...”
 
“Amerika tərəfinin qoyduğu şərtlər qarşılığında İran özü də ABŞ-İsrail cütlüyü qarşısında şərtlərini qoyur.  Birincisi, İrana qarşı hücumlar nəticəsində yaranan insan itkiləri və dağıntılara görə kompensasiya ödənilməlidir. İkincisi, ABŞ və İsrail həm indi, həm də gələcəkdə İrana hücum etməmək barədə ciddi zəmanətlə öhdəlik götürməlidir.  Eyni zamanda İran istəyir ki, İsrail şiələr yaşayan, yəni onun proksi-qüvvələrinin olduğu Livan və Yəmənə kimi ölkələrə də hücum edilməsin...
Daha bir çox ciddi məsələ də Hörmüz boğazı ilə bağlıdır. İranın mövqeyi belədir ki, həmin boğazı özü təkbaşına idarə etməlidir. Trampın son çıxışlarında isə belə bir fikir səsləndi ki, biz ayətullahlarla Hörmüzü birgə idarə edəcəyik.  Bu bir növ Zəngəzur yolunun Ermənistan tərəfindən Amerikaya 99 illiyə icarəyə verilməsinə bənzəyir. Lakin bu da baş tutan məsələ deyil”, - Abbasəli Həsənov belə deyib.
 
Şərhçi hesab edir ki, bütün bu deyilənlər fonunda tərəflərin heç biri öz şərtlərindən geri çəkilmir və durum yenə də gərginləşməyə doğru gedir: 
 
“Amerika  Fars körfəzinə, yəni İranın cənubuna piyada qüvvələri toplayır. Çox ehtimal ki, həmin regiondakı Bəndərabas, Buşehr, Mahşehr və s. kimi məntəqələrə hücumlar təşkil ediləcək, hərbi obyektlər vurulacaq. Və görünür, Amerikanın bu danışıq cəhdləri heç də səmimi məqsəd güdmür. Yəqin ki, məqsəd bölgəyə yeni qüvvə və texnika, sursat toplamaq üçün vaxt qazanmaqdır. Bunun ardınca isə İranın bütün əsas hərbi obyektlərini sıradan çıxarmaq və artıq bu dövlətin ABŞ və İsrail qüvvələrinə ciddi zərər vura bilməyəcəyinə əmin olmaq məqsədi güdülür. Bu isə qısa müddətdə və asanlıqla baş tutan məsələ deyil. Bir sözlə, bu müharibə bütövlükdə qısa müddətdə başa çatacaq müharibə deyil. Odur ki, əgər müharibə bitərsə, xalqın rejimə qarşı çıxıb-çıxmayacağı barədə danışmaq hələ tezdir. Bu, faktiki Üçüncü Dünya müharibəsidir. Və məqsədlər tamam fərqlidir”, - deyə sabiq səfir vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
16
2
moderator.az

3Mənbələr