AZ

İran-ABŞ-İsrail qarşıdurması nüvə müharibəsinə çevrilə bilər? - Sabiq səfir açıqladı

İran-ABŞ-İsrail arasında artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını daha da kövrəkləşdirib və tərəfləri həm qarşıdurma, həm də diplomatiya arasında çətin seçim qarşısında qoyur. Bir tərəfdən, eskalasiyanın artması danışıqların sürətlənməsi ilə xəbərləri gündəmə gətirib, digər tərəfdən isə qarşılıqlı etimadsızlıq mühiti, regional rəqabət və daxili siyasi amillər vəziyyəti daha da sərt hərbi məcraya yönəldib.
 
Xüsusilə nüvə obyektlərinin, enerji infrastrukturlarının potensial hədəfə çevrilməsi ilə bağlı qarşılıqlı təhdidlər narahatlığı daha da artırıb.
 
Bəs belə olan halda, gərginlik hansı istiqamətdə inkişaf edə bilər?
 
Mövzunu Oxu.az-a şərh edən ABŞ-nin Azərbaycandakı keçmiş səfiri və beynəlxalq münasibətlər üzrə ekspert Metyu Brayza bildirib ki, bu mərhələdə Birləşmiş Ştatlarla İran arasında birbaşa danışıqlar yoxdur:
 
 
"Hətta İran dolayı danışıqların da baş vermədiyini iddia edir. Lakin bu iddia doğru deyil, çünki bilirik ki, Amerika Birləşmiş Ştatları dünən müharibəni bitirmək üçün 15 maddəlik plan təklif edib, İran isə bunu rədd edərək 5 maddəlik plan təqdim edib. Beləliklə, 15 maddəlik planın tələbləri İran üçün qəbuledilməzdir, İranın 5 maddəlik planının tələbləri isə Amerika Birləşmiş Ştatları üçün qəbuledilməzdir. Görünür ki, Tehran ilə Vaşinqton arasında vasitəçilik edən ölkələr mövcuddur, baxmayaraq ki, bu qarşıdurma tərəfləri birbaşa əlaqə saxlamır. Pakistan əsas vasitəçilərdən biridir, eyni zamanda, Türkiyə də bu rolu oynayır. Misirin də bu prosesdə iştirak etdiyi görünür".
 
"Bu arada, birbaşa danışıqlar olmadan mesajlar ötürüldüyü halda, tərəflərin, yəni bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İranın bir-birinə qarşı hücumları davam edir. Buna görə də müharibənin nə vaxt və necə bitəcəyini hazırda proqnozlaşdırmaq mümkün deyil. Aydındır ki, Donald Tramp ABŞ-ni müharibədən çıxarmağa can atır, lakin, eyni zamanda, bölgəyə əlavə qoşun göndərir. Bu, ya İranı diplomatik danışıqlarda təzyiq altında saxlamaq cəhdi, ya da müharibənin hərbi mərhələsini genişləndirmək məqsədi daşıya bilər. Hazırda bunun hansı məqsədlə edildiyini dəqiq demək mümkün deyil. Eyni zamanda, İran, qeyd etdiyim kimi, birbaşa danışıqlardan imtina edir və müharibəni davam etdirmək istədiyini bildirir", - deyə sabiq diplomat vurğulayıb.
 
Müsahibimiz tərəflərin bir-birinin nüvə obyektlərini hədəfə alması ilə bağlı təhdidlərinə də münasibət bildirib və bunun münaqişənin nüvə müharibəsinə çevrilməsi riski daşımadığını deyib:
 
"Məsələn, iranlılar İsrailin nüvə tədqiqat obyektlərindən birini hədəfə alıblar, İsrail və ABŞ isə, böyük ehtimalla İsrail İranın Buşehr Nüvə Elektrik Stansiyası kompleksini hədəfə almış kimi görünür. Lakin bu obyektlərdə nüvə fizikası ilə bağlı fəaliyyətlərin olması, qətiyyən o demək deyil ki, münaqişə nüvə silahlarının istifadəsinə qədər eskalasiyaya gətirib çıxaracaq".
Seçilən
28
1
moderator.az

2Mənbələr