AZ

Ruh düşkünlüyünün səbəbləri nədir?

Son dövrlərdə insanların psixoloji durumunda müşahidə olunan dəyişikliklər, xüsusilə də ruh düşkünlüyü halları cəmiyyətin diqqət mərkəzinə çevrilib.

Gündəlik həyatın sürətli ritmi, sosial və iqtisadi çətinliklər, eləcə də şəxsi problemlər bir çox insanın emosional vəziyyətinə mənfi təsir göstərir. 

Mütəxəssislər bildirirlər ki, ruh düşkünlüyü artıq tək-tək hallarla məhdudlaşmır, daha geniş yayılaraq həm fərdi həyat keyfiyyətinə, həm də ümumi ictimai sağlamlığa təsir edən ciddi məsələyə çevrilir.

Bəs ruh düşkünlüyünü aradan qaldırmaq üçün nələr etməliyik?

Sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a bildirib ki, ruh düşkünlüyünün yaranmasının əsas səbəblərindən biri insanlarda sabaha olan ümid və o ümidin olmamasıdır:

“Belə ki, özümüzü Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrdə yaşayan insanlarla müqayisə edək: tutaq ki, orada yaşayan insanların 5 uşağı var, amma bizdə kəndlərdə yaşayan insanların 2 uşağı olur və onlar uşaq sayının çox olmasını istəmir. Çünki maddi baxımdan ehtiyaclarını qarşılaya bilmirlər”.

Sosioloq bildirib ki, müasir dövrdə ölkəmiz həmin istiqamətdə Avropa ilə müqayisə aparılır:

“Bu da ondan irəli gəlir ki, Avropa ölkəsi olduğumuz düşüncəsi ilə insanların beyninə yeridilir və biz gündəlik efirlərdə gördüyümüz həmin Avropa ölkələri ilə özümüzü bərabər tutmağa çalışdıqda, yaxud müqayisə etdikdə şüursuz şəkildə ruh düşkünlüyü yaşayırıq.

Ölkədə müəyyən kütlənin maddi imkanları digərlərinə nisbətən aşağıdır. Bu da öz növbəsində ruh düşkünlüyünə səbəb olur. Çünki insanlar daha yaxşı yaşayış üçün gələcəyə ümid edirlər və bu səbəbdən bu gün edə biləcəkləri şeyləri ertələyirlər, gələcəyə saxlayırlar.

Belə olduqda isə insan gələcəklə bağlı planlara özünü həsr etdikcə, indiki zamanda yaşamalı olduğu məqamları unudur. Nəticədə bu cür yaşayan insanlarda daim ruh düşkünlüyü yaranır və onlar davamlı olaraq nəyəsə görə narahat olurlar.

Həmçinin, insanların həyatlarını gələcəyə uyğun qurmağa çalışmaları ailədə bu gün üçün vacib olan məsələlərin ertələnməsinə səbəb olur. Məsələn, bu gün ailələrdə uşaqların sayının az olması da buna bariz nümunədir. Çünki ailədə uşaq sayı çox olduqda maddi ehtiyaclar da artır.

İnsanlar ətrafdan kifayət qədər dəstək görmədiklərini düşündükləri üçün problemlərini daha çox daxilən yaşayır və müzakirə etmirlər. Əsasən də maddi çətinliklər insanlarda ruh düşkünlüyünün əsas səbəblərindən biridir”.

O qeyd edib ki, insan yaşadığı cəmiyyəti və həmin cəmiyyətdə öz mövqeyini düzgün dərk edərsə, reallıqları qəbul edərsə, bu zaman ruh düşkünlüyü də azalır.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr