AZ

Pakistanda həbs edilən azərbaycanlılar kimlərdir?

Terror qruplaşmaları, o cümlədən “Vilayət Xorasan” da Azərbaycan vətəndaşlarını cəlb etmək üçün əsasən ideoloji və psixoloji manipulyasiyadan istifadə edir

Pakistan təhlükəsizlik qüvvələri və polisinin Xayber Paxtunxva əyalətinin Orakzai rayonunda keçirdiyi genişmiqyaslı əməliyyat zamanı “İŞİD-Xorasan” terror təşkilatının üzvü olan iki Azərbaycan vətəndaşı həbs edilib.

Polis ilkin məlumatlarına görə, Qazımın oğlu Qor və Məhəmmədin oğlu Məhəmməd Yunus kimi tanınan iki saxlanılan şəxsin Azərbaycan vətəndaşı olduğu və Mərkəzi Kurramın Əlişirzai rayonundan Qalcoya piyada getdikləri güman edilir. Şübhəli şəxslərin hərəkətlərini görən Pakistan təhlükəsizlik işçiləri onları tutaraq dindirilmək üçün saxlayıblar. Şübhəlilər artıq araşdırmaya başlandığı yaxınlıqdakı polis bölməsinə aparılıblar.(haqqın.az) İlkin dindirmələr onların “İŞİD-Xorasan”la mümkün əlaqələrini göstərir, amma hakimiyyət orqanları tam araşdırmanın davam etdiyini bildiriblər.
Azərbaycan tərəfi həbs edilənlərlə bağlı məlumata münasibət bildirməyib.

Musavat.com xatırladır ki, İslamabad və Kabil arasındakı gərginlik fonunda İŞİD-in sağ qalan, ən təsirli qanadı - “Vilayət Xorasan” (İŞİD-K) yenidən peyda olub. “İŞİD-Xorasan”, beynəlxalq mediada isə “İŞİD-K” kimi təqdim olunan qruplaşma hazırda İran, Əfqanıstan və Orta Asiya regionunu əhatə edən ərazidə fəaliyyət göstərən qruplaşmadır.

Bu ilin yanvarında xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yaymışdı. Bildirilirdi ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Azərbaycanda xüsusi xidmət orqanlarının sərt və davamlı tədbirləri nəticəsində yüzlərlə vətəndaş bu təhlükədən qorunub, 200-dən çox şəxs vətəndaşlıqdan çıxarılıb. Burada vacib məqam odur ki, terror təşkilatları indi daha incə, daha hiyləgər metodlarla insanları cəlb edirlər. Virtual platformalar və sosial şəbəkələr - Telegram, WhatsApp, Discord və digər tətbiqlər vasitəsilə cəlbetmə davam edir.

Bu qruplar fərdləri dini və ideoloji motivlərlə radikallaşdırır. Psixoloji manipulyasiya - qardaşlıq, dəyərli olmaq, əməkdaşlıq kimi emosional motivlərlə insanları cəlb edirlər. Terror qruplaşmaları, o cümlədən “Vilayət Xorasan” da Azərbaycan vətəndaşlarını cəlb etmək üçün əsasən ideoloji və psixoloji manipulyasiyadan istifadə edir. Onlar sosial problemləri olan insanları hədəf alır, onlayn təbliğat, saxta dini arqumentlər, maddi vədlər və tədrici radikallaşdırma üsulları ilə təsir göstərirlər. Bu həbslər də təsdiq edir ki, Azərbaycan bu cür terror qruplaşmalarının hədəfi olmaqdan sığortalanmayıb.

Seçilən
5
2
moderator.az

3Mənbələr