AZ

Kartofda qıtlıq təhlükəsi: İstehsal tələbatı ödəmir

Son dövrlərdə aqrar sektorda baş verən dəyişikliklər, xüsusilə strateji ərzaq məhsulları üzrə istehsal və qiymət dinamikası diqqət mərkəzinə çevrilib. Kartof kimi gündəlik istehlakda mühüm yer tutan məhsul üzrə yaranmış mövcud vəziyyət isə bir sıra ciddi sualları aktuallaşdırır.
 
Ölkə özünü bu məhsulla nə dərəcədə təmin edə bilir? İstehsal və istehlak arasında yaranan disbalansın əsas səbəbləri nələrdir və vəziyyətdən çıxış yolu nədən ibarətdir?
 
Moderator.az mövcud vəziyyətin səbəblərini və mümkün həll yollarını daha ətraflı təhlil etmək üçün suallarını kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmliyə ünvanladı:
Ekspert qeyd etdi ki, Azərbaycan 2025-ci ildə kartof istehsalını azaldıb. Belə ki, əvvəlki illə müqayisədə 2700 ton daha az kartof istehsal olunub:
 
"Bu rəqəm böyük görünməsə də, nəzərə almaq lazımdır ki, eyni zamanda Azərbaycan kartof ixracını artırıb. Yəni ölkə əhalisinin istehlakına yönəlməli olan məhsulun bir hissəsi xaricə göndərilib və bu amil də ümumi vəziyyətin qiymətləndirilməsində nəzərə alınmalıdır.
 
Ümumilikdə, Azərbaycan özünü kartofla tam təmin edə bilmir. Adambaşına illik istehlak norması 117 kq olduğu halda, ölkədə istehsal bu göstərici üzrə cəmi 83 kq təşkil edir. Bunun da bir hissəsi heyvandarlıqda yem kimi istifadə olunur, müəyyən hissəsi isə saxlanma şəraitinin zəifliyi səbəbindən xarab olur. Nəticədə, Azərbaycan kartofa olan daxili tələbatını yalnız 58 faiz səviyyəsində yerli istehsal hesabına təmin edə bilir.
 
Bu fakt onu deməyə əsas verir ki, ölkədə kartof istehsalı mövcud tələbatı ödəmək üçün kifayət deyil. Tələbat çox, təklif isə azdır. Buna baxmayaraq, Azərbaycan il ərzində təxminən 150–200 min ton kartof idxal edir. Digər tərəfdən, daxili bazarda kartofun qiyməti yüksək olduğuna görə istehlak səviyyəsi aşağıdır. Əslində istehlak yüksək olmalı idi, lakin qiymət amili bunu məhdudlaşdırır".
 
Vahid Məhərrəmli bildirdi ki, mövcud problemlərin əsas həlli yolu istehsalın artırılmasıdır. Bu isə birbaşa Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifələrdəndir:
 
"Nazirlik bu sahədə stimullaşdırıcı mexanizmlər formalaşdırmalıdır. Hazırda fermerlər müxtəlif səbəblərdən əkin sahələrini azaldırlar. Bu səbəblər sırasında su çatışmazlığı, istehsal xərclərinin artması və gəlirliliyin azalması xüsusi yer tutur.
 
Bundan əlavə, istehsal olunan kartofun bir hissəsi saxlanma şəraitinin zəifliyi səbəbindən xarab olur, digər hissəsi isə bazarda alıcı tapmadığı üçün heyvandarlıqda istifadə edilir. Bu, əsasən mövsümi idarəetmə problemləri ilə bağlıdır. Normal şəraitdə məhsulun bir hissəsi dərhal bazara çıxarılmalı, digər hissəsi isə anbarlarda saxlanmalıdır. Lakin müasir anbarların çatışmazlığı səbəbindən fermerlər məhsulu qeyri-müasir şəraitdə saxlayırlar ki, bu da itkilərə gətirib çıxarır.
 
Bu baxımdan, əsas prioritetlərdən biri məhsuldarlığın artırılmasıdır. Eyni zamanda, kartofun uzunmüddətli saxlanması üçün müasir standartlara cavab verən anbarların tikilməsi və fermerlərin istifadəsinə verilməsi vacibdir. Alternativ olaraq, fermerlərə güzəştli kreditlər təqdim edilə bilər ki, onlar özləri belə anbarları inşa etsinlər.
 
Təəssüf ki, son dövrlərdə Kənd Təsərrüfatı Nazirliyinin diqqəti daha çox meyvə-tərəvəz ixracının artırılmasına yönəlib. Məqsəd ölkəyə daha çox valyuta cəlb etməkdir. Halbuki, bu istiqamət birbaşa nazirliyin əsas funksiyası hesab olunmamalıdır. Bu, daha çox sahibkarların maraq dairəsinə daxildir.
 
Nazirliyin əsas prioriteti ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi olmalıdır.
 
 Dövlət büdcəsi hesabına subsidiyalar alan kənd təsərrüfatı subyektləri, xüsusilə meyvə-tərəvəz ixracı ilə məşğul olan sahibkarlar qarşısında tələb qoyulmalıdır ki, ilk növbədə daxili bazarın tələbatı ödənilsin. Yalnız bundan sonra artıq məhsul ixraca yönəldilə bilər.
 
Bu halda kartof istehsalı sahəsində mövcud problemlərin həlli mümkün ola bilər"
 
Pərvin Şakirqızı
Seçilən
34
1
moderator.az

2Mənbələr