“Prezident İlham Əliyevin Şamaxıya səfəri və “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirakı, ilk növbədə, dövlətin aqrar sahəyə münasibətinin nə qədər strateji və uzaqgörən olduğunu bir daha nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, Şamaxıda istifadəyə verilən bu kompleks təkcə yeni bir istehsal müəssisəsi deyil, həm də Azərbaycanın kənd təsərrüfatında yeni mərhələnin - müasir texnologiyalara, innovativ idarəetməyə və ərzaq təhlükəsizliyinə əsaslanan inkişaf modelinin -bariz nümunəsidir.
Rəsmi məlumata əsasən, kompleks 100 hektara yaxın ərazini əhatə edir, 9000 baş heyvanın saxlanılması üçün nəzərdə tutulub. Burada süni intellekt əsaslı idarəetmə, onlayn süd keyfiyyəti analizatorları, sürətli soyutma sistemi, reproduksiya mərkəzi və innovativ sürü idarəetmə texnologiyaları tətbiq olunur. Eyni zamanda, müəssisədə 200-dən çox yerli sakin işlə təmin edilib.
Bu faktların özü göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət aqrar sahəni yalnız ənənəvi təsərrüfat sahəsi kimi deyil, yüksək texnologiyalarla, peşəkar idarəetmə ilə və regional sosial inkişafla birləşdirilən strateji istiqamət kimi qiymətləndirir. Xüsusilə də kompleksin ölkədə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksi kimi təqdim olunması onu göstərir ki, Azərbaycanın kənd təsərrüfatı siyasətində artıq ekoloji məsuliyyət, resurslardan səmərəli istifadə və davamlı inkişaf prinsipləri ön plana çıxır.
Prezident İlham Əliyevin açılış zamanı səsləndirdiyi fikirlər də bu səfərin mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısı vurğulayıb ki, belə təsərrüfatların yaradılması ölkənin həm ət, həm də süd məhsulları ilə özünü tam təmin etməsi, idxaldan asılılığın azalması və gələcəkdə ixrac imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma, əslində, milli iqtisadi təhlükəsizlik, daxili bazarın qorunması və yerli istehsalın rəqabət qabiliyyətinin artırılması istiqamətində aparılan siyasətin ardıcıl davamıdır.
Şamaxı səfərinin əhəmiyyətini artıran digər mühüm məqam isə onun təkcə iqtisadi deyil, ümumilikdə regional inkişafın kompleks modelini əks etdirməsidir. Həmin gün Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında da iştirak edib. Bu isə bir daha təsdiq edir ki, dövlət siyasətində iqtisadiyyat, təhsil, infrastruktur və insan kapitalı bir-birindən ayrı deyil, vahid inkişaf strategiyasının qarşılıqlı tamamlayan istiqamətləridir.
Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin Şamaxıya səfəri regionların inkişafına verilən yüksək diqqətin, kənd təsərrüfatının modernləşdirilməsi kursunun və Azərbaycanın ərzaq təhlükəsizliyini möhkəmləndirməyə yönəlmiş qəti siyasi iradənin növbəti parlaq ifadəsidir. “Şirvan Aqro” kimi iri və müasir komplekslərin istifadəyə verilməsi həm məşğulluğun genişlənməsinə, həm yerli istehsalın artmasına, həm də kənd ərazilərində sosial rifahın daha da yüksəlməsinə xidmət edir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin konkret nəticəsi, Azərbaycanın güclü, öz resurslarına söykənən və gələcəyə inamla irəliləyən dövlət modelinin növbəti təsdiqidir”.