AZ

BƏƏ niyə İrana qarşı ABŞ-ni dəstəkləyir?

Böyük ehtimalla, ABŞ sabah axşam və ya şənbə günü İrana hücum edərək Hörmüz boğazını ələ keçirməyə çalışacaq. Hücum əməliyyatına isə BƏƏ-dən başlayacağı güman olunur. Yəqin ki, ABŞ hərbçiləri ilk növbədə Böyük Tunb, Kiçik Timb və Əbu Musa adalarını götürməklə hərəkata başlayacaq. Əminəm ki, bizim bəzi İranpərəst dostlarımız da bu işğal hərəkətinə görə ABŞ-dən çox, BƏƏ-ni ağ yuyub qara sərəcəklər. Onu ABŞ hərbi qüvvələrinə niyə öz torpağında yer verməkdə günahlandıracaqlar.

BƏƏ-nin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri olmasam da, onun bir müsəlman dövlətinə qarşı bu xəyanətkar mövqeyinə aydınlıq gətirmək istəyirəm.

Əvvəla, məsələ burasındadır ki, BƏƏ ilə İran əhalisi arasında 14 əsrdir bitməyən məzhəb davası gedir. Nəticədə İran BƏƏ sünnilərini, BƏƏ isə İran şiələrini müsəlman saymır və ona qarşı xristian ABŞ-ın və ya yəhudi İsrailin hücumlara da təəssüb hissi ilə yanaşmır. Bunun bir günahı BƏƏ-ni idarə edən səltənət sahiblərinin sünni təəssübkeşliyindədirsə, digər günahı İranın regiona “şiə hilalı” kimi baxıb bölgəni ələ keçirmək istəyidir.

İkinci mühüm problem bu iki ölkə arasında torpaq anlaşmazlığıdır. Məlumdur ki, 1820-ci ildən 1971-ci ilə qədər əmirliklər Böyük Britaniyanın koloniyası olub. 1971-ci ildə Böyük Britaniya bölgədən çəkildikdən dərhal sonra İran şahı Pəhləvi hücum edərək Böyük Tumb, Kiçik Tumb və Əbu Musa adalarını ələ keçirib. O vaxtdan indiyədək bu iki dövlət arasında ərazi iddiaları başlayıb. BƏƏ həmin adaları Böyük Britaniyadan ona miras qalan ərazilər hesab edir, İran isə bu adaların vaxtilə Əhəmənilərə aid olduğunu, dolayısıyla İrana məxsus olduğunu bildirir. Dəfələrlə, Rusiya, Çin kimi “strateji müttəfiqləri” İrana “qurtar bu inadkarlığı, adamların adasını özünə qaytar” deyiblər, Tehran isə hətta öz “xəyanətkar” dostlarına belə barmaq silkələyib.

İndi siz deyin, İrana qarşı həm məzhəbi, həm də milli ədavət içərisində olan BƏƏ nə üzlə dünyanın ən güclü dövləti sayılan ABŞ-a qarşı İranı müdafiə etsin və özünü də işə salsın? İran elə belə bir fürsət gözləyir ki, BƏƏ ilə ABŞ arasına ədavət girsin, o da fürsətdən istifadə edib bu neft zəngini ölkəni şirin loxum kimi udsun.

Üstəlik, söhbət bu iki dövlət arasında 55 ildir böyük mübahisə mövzusuna çevrilən Kiçik Tumb və Böyük Tumb adalarından getdiyi bir zamanda BƏƏ-nin ABŞ-ın bu hücumlarını alqışlamaması mümkün deyil. Və bunun günahı Dubayda yox, BƏƏ-nin torpaqlarını ələ keçirən tərəfdədir. Yəqin ki, ABŞ bu müharibədə qələbə çalarsa, BƏƏ öz tarixi ərazilərinə geri qayıdacağına ümid edir.

Onu da vurğulayım ki, Hörmüz boğazına tam nəzarət etmək imkanı verən bu adaların əvəzsiz strateji əhəmiyyəti də var və heç kim bu avantajı əldən vermək istəmir.

Seçilən
42
3
nocomment.az

4Mənbələr