Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 26 mart, AZƏRTAC
Lüksemburqda Novruz bayramı münasibətilə genişmiqyaslı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin dəstəyi və Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının (LuxAz) təşkilatçılığı ilə keçirilən mərasimdə səfirliyin əməkdaşları və Lüksemburqda yaşayan 100-dən artıq Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən LuxAz Assosiasiyasının sədri Seymur Əhmədov Novruz bayramının mədəni-mənəvi əhəmiyyətini vurğulayıb, həmçinin təşkilatın son dövrdəki fəaliyyəti və gələcək planları barədə məlumat verib. O, yaxın zamanda Lüksemburqda fəaliyyətə başlaması planlaşdırılan Azərbaycan Evi layihəsinə də toxunaraq, burada dil, musiqi, incəsənət və proqramlaşdırma sahələri üzrə kursların təşkil ediləcəyini bildirib. Qeyd olunub ki, bu mərkəz icma üçün mühüm mədəni və sosial platforma rolunu oynayacaq.
Eyni zamanda, assosiasiyanın yeni rəsmi veb-saytının istifadəyə verildiyi bildirilib, təşkilatın fəaliyyətinin daha sistemli şəkildə təqdim olunduğu qeyd edilib. LuxAz-ın son illərdə idman, mədəniyyət və beynəlxalq təmsilçilik sahələrində əldə etdiyi nailiyyətlər də diqqətə çatdırılıb.
Daha sonra çıxış edən səfirliyin birinci katibi Emin Rüstəmov iştirakçıları bayram münasibətilə təbrik edərək Novruzun birlik və həmrəylik rəmzi olduğunu qeyd edib. O, bildirib ki, bu gün Novruz tonqalları Azərbaycanın bütün bölgələrində — ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğu şəraitdə böyük sevinc və qürur hissi ilə alovlandırılır.
Diplomat, həmçinin xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinə toxunaraq, son illərdə Lüksemburqdakı Azərbaycan icmasının fəallığının əhəmiyyətli dərəcədə artdığını vurğulayıb və bu dinamikanın formalaşmasında LuxAz Assosiasiyasının rolunu xüsusi qeyd edib.
Tədbir milli rəqslər və peşəkar musiqiçilərin ifasında canlı Azərbaycan musiqisi ilə davam edib. Bayram proqramı çərçivəsində iştirakçılar Novruz ənənələrinə uyğun olaraq tonqal ətrafında toplaşaraq rəqs edib, milli dəyərləri və həmrəyliyi yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər.






Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.