Almaniyanın Federal Nazirlər Kabineti 2030-cu ilədək 25 milyon ton karbon emissiyasının azaldılmasını nəzərdə tutan iqlim mühafizəsi proqramını təsdiqləyib.
Hafta.az xəbər verir ki, Ətraf Mühit Nazirliyinin rəhbərliyi ilə hazırlanmış proqram 2030-cu və 2040-cı illər üzrə iqlim hədəflərinə nail olunmasına imkan verəcək. Neft və qazdan asılılığın azaldılması üçün 67 tədbirin əksini tapdığı proqram ölkənin 2045-ci ilədək iqlim neytrallığına çatmaq məqsədinə daha da yaxınlaşmasını təmin edir.
Proqram çərçivəsində bərpaolunan enerji mənbələrinin inkişafı prioritet kimi müəyyən edilib. Xüsusilə, quruda 12 qiqavatlıq əlavə külək enerjisi gücünün yaradılması planlaşdırılır. Bu, 2030-cu ildə təbii qaz və kömürdən istifadənin əhəmiyyətli dərəcədə azalmasına və 6,5 milyon ton karbon dioksid emissiyasının qarşısının alınmasına imkan verəcək.
Nəqliyyat sektorunda bərpaolunan enerjinin payının artırılması və elektromobillərin təşviqi nəzərdə tutulur. Yeni proqram çərçivəsində 800 minədək elektrik avtomobilinin alınmasına dəstək verilməsi üçün 3 milyard avro vəsait ayrılıb. Eyni zamanda, yaşayış binaları yaxınlığında enerjidoldurma məntəqələrinin genişləndirilməsi planlaşdırılır.
İctimai nəqliyyatdan istifadənin artırılması da proqramın əsas istiqamətlərindəndir. Ölkədaxili qatarlarda istifadə imkanı verən “Deutschlandticket”in davamlı tətbiqinin ildə təxminən 1 milyon ton karbon emissiyasına qənaət etməyə imkan verəcəyi qeyd olunub. Bundan əlavə, binaların enerji səmərəliliyinin artırılması, ekoloji tikinti layihələrinin təşviqi və sənayedə innovativ texnologiyaların tətbiqi vasitəsilə emissiyaların azaldılması planlaşdırılır.