AZ

Mənəvi psixoloji hazırlıq: gənclərin düzgün inkişafı üçün zəruri şərt

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Zakir BAYRAMLI​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Həyata yeni qədəm qoyan gənc nəslin mənəvi-psixoloji cəhətdən həyata düzgün hazırlanması ailənin, məktəbin və dövlətin, eləcə də bütün cəmiyyətin qarşısında duran ən vacib məsələlərdəndir. Bu sahə üzrə ölkəmizdə aparılan düzgün və ardıcıl maarifləndirmə, təbliğat-təşviqat işləri öz bəhrəsini verməkdədir. Gənclər bu sahədə nə qədər çox bilikli və məlumatlı olsalar, onların gələcək həyat yolu daha işıqlı, rahat və təhlükəsiz olar. Onlar getdikləri bu yolda böyük səhvlərə və ciddi nöqsanlara yol verməz, düz istiqamətdən sapmazlar.

İnsanın, xüsusilə gəncin şəxsi razılığı, öz iradəsi olmasa, onu güclə mənəvi-psixoloji cəhətdən həyata hazırlamaq olmaz. Eyni zamanda bu hazırlığı keçmək üçün müəyyən vaxt, gərgin iş, bu sahəni öyrədənin mükəmməl biliyi, bacarığı, zəngin təcrübəsi, ardıcıl gərgin fəaliyyəti tələb olunur. Ailədə, məktəbdə, iş prosesində, ictimai yerlərdə mənəvi-psixoloji hazırlığın necə və hansı səviyyədə aparıldığı sıx ünsiyyət zamanı bilinir, gəncin davranışlarında və hərəkətlərində özünü açıq büruzə verir. Gəncin danışığından, özünü aparmasından, özünə və ətrafındakı insanlara münasibətindən asılı olaraq bu işə qiymət verilir. Mütəxəssislər psixoloji hazırlığı sarsılmaz inam, emosional tənzimləmə qabiliyyəti ilə də izah edirlər. Gənclər təkcə oxuduqları məktəbdə mühitə, təhsilə deyil, ordu sıralarında xidmətə də hazır olmalıdırlar. Orduda mühüm təlimlər və döyüş əməliyyatları zamanı komandirlərin əmrlərini yerinə yetirməyə hazırlıq da yüksək mənəvi-psixoloji təkmilləşmə tələb edir. Eyni zamanda gənclər ailədə, təhsil müəssisəsində, iş yerində və ictimaiyyət arasında özünü mənəvi-psixoloji cəhətdən tam hazırlıqlı aparmaqla daha böyük uğurlar əldə edərlər.

Gənclər ilkin psixoloji hazırlıqları əsasən ailədə və daha sonra məktəbdə keçirlər. Yeni dərsə başlayan şagirdlər məktəb həyatına ailədə hazırlanmalıdır. Müəllim və ya sinif rəhbəri gündəlik təlimə hazır olmayan şagirdləri, xüsusilə cürbəcür bəhanələrlə daim dərsə gecikən, dərsdən qaçan, ev tapşırıqlarını yerinə yetirməyən, dərsin gedişatını pozan, məktəbə getməkdən imtina edənləri risk qrupunda görərək onlarla ayrıca məşğul olmaqla vəziyyətdən çıxış yolu tapa bilərlər.

Ümumtəhsil məktəblərində ibtidai mənəvi-psixoloji hazırlıq şagirdlərin ailədən fərqli olaraq məktəb şəraitində məktəb mühitinə və kollektivə uyğunlaşdırılmasından, tədris proqramlarını uğurla mənimsəməsindən başlayır. Dünyanın qabaqcıl təhsil, təlim-tərbiyə üsullarının, metodlarının və texnologiyalarının Azərbaycanın təhsil sisteminə gətirilməsi qarşıya yeni və məsul vəzifələr qoyub. Müəllimlərimizin, yeniyetmə və gənclərimizin bu cür yeni və mürəkkəb texnologiyalara yiyələnməsi üçün onlardan çoxlu zəhmət, şəxsi məsuliyyət və mənəvi-psixoloji hazırlıq tələb olunur.

Ailədə, məktəbdə və iş yerində yeniyetmələr və gənclər arasında psixoloji maarifləndirmə işlərinin və digər profilaktiki tədbirlərin vaxtında və düzgün aparılması böyük əhəmiyyət kəsb edir. 13 yaş böhranı zamanı yeniyetmələr, 17 yaş böhranı vaxtı isə gənclər kənardan müəyyən mənəvi-psixoloji köməyə ehtiyac duyurlar. Bu məqamda onlara düzgün, faydalı məsləhət və həyata dair doğru istiqamət verməyin əsl vaxtı gəlib çatır. Böhran vaxtları və yeni şəraitə uyğunlaşma prosesində valideyn (qəyyum), müəllim, tərbiyəçi və ya digər səlahiyyətli şəxslər yeniyetmə və gənclərə dəstək verməyə borcludurlar.

Ümumiyyətlə, müasir dövrdə qloballaşmanın geniş vüsət aldığını, texnoloji inkişafın sürətlənməsini, elm və texnikanın yüksək dərəcədə inkişafını nəzərə alaraq sənətindən, peşəsindən və vəzifəsindən aslı olmayaraq cəmiyyətdə yaşayan bütün insanların mənəvi-psixoloji dəstəyə, yəni mənəvi-psixoloji hazırlığa ciddi ehtiyac duymaları danılmaz haldır.

Azərbaycan gəncliyinə hər zaman böyük qayğı göstərmiş Ulu öndər Heydər Əliyevin müdrik rəhbərlik xəttini uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərimizin mənəvi-psixoloji hazırlığını, onlarda ruh yüksəkliyi və hərbi vətənpərvərlik hisslərinin formalaşdırılmasını, Vətənə, torpağa, xalqa, ordumuza və dövlətçiliyimizə bağlılıq duyğuları ilə yetişmələrini diqqətdə saxlayıb. Buna görə də müasir gənclərin vətənə, dövlətə sevgi hissini daha da artırmaq məqsədilə onlar böyük qayğı ilə əhatə olunub. Xüsusən hərbi xidmətdə olan gənclər üçün bu məsələlər çox vacibdir. Bu səbəbdən də onlar üçün məqsədəuyğun maarifləndirmə işləri aparılır, milli və dövlət bayramları ilə əlaqədar, tarixi günlər münasibətilə bilik və məlumatları əks etdirən viktorinalar, yarışmalar gənc hərbçilər arasında davamlı həyata keçirilir. Sənədli və bədii filmlərin nümayişi, idman həvəskarları arasında qaçış, güləş, boks, stolüstü oyunlar və sair üzrə müxtəlif yarışlar təşkil edilir. Respublika və beynəlxalq idman yarışlarında müntəzəm iştirak edən gənclər üçün mənəvi-psixoloji hazırlıq olduqca zəruridir. Yarışlara qorxa-qorxa yox, fiziki və psixoloji cəhətdən özünü tənzimləyib rahat, sakit və qələbəyə inamlı halda getmək lazımdır. Bu da öz növbəsində yüksək mənəvi keyfiyyətlər, müvafiq hazırlıq tələb edir. Gənc idmançıların mənəvi-psixoloji hazırlığında şəxsi xarakter, qabiliyyət amilləri də mühüm rol oynayır. Bu sahədə aparılan keyfiyyətli maarifləndirmə, mənəvi hazırlıq işləri nəticəsində idmançılarımız özlərinin fiziki hazırlıqları ilə yanaşı, psixoloji möhkəmlik baxımından da seçilirlər.

Yetərincə psixoloji hazırlıq mərhələsindən keçən optimist düşüncəli insanlar, xüsusilə gənclər az qala hər gün qarşılarına çıxan çətin situasiyalardan uğurla çıxmaq şansı qazanırlar. Bura hər il üstün nəticələr məşhur idmançıları, imtahanlarda yüksək bal toplayan şagird və tələbələri, eləcə də başqalarını aid etmək olar.

Təəssüf ki, gənclər bəzən mənfi və zərərli vərdişlərə meyillənirlər. Bu isə gənclərimizin əxlaqi dəyərlərini, milli adət və ənənələrimizi kökündən baltalamağa yol açır. Bu mənfi vərdişlər hələ həyatda tam bərkiməmiş, bərkə-boşa düşməmiş bəzi təcrübəsiz, zəif xarakterli gəncləri ailədən, qohumlardan, dostlardan, təhsildən, işdən və cəmiyyətdən uzaqlaşdıraraq onları acınacaqlı vəziyyətə salır. Belə zərərli təsirlər gəncləri təkcə mənəvi-psixoloji cəhətdən şikəst etmir, onları inkişafdan saxlayır, ağıllarını başdan alıb gözlərini bağlayaraq mənəvi cəhətdən kor edir, irəli getməyə qoymur. Pis vərdişlər nəticəsində yaranan müxtəlif növ asılılıqlar üzündən bəzi gənclər təhsilini yarımçıq qoyur, bəziləri isə işi və ya ailəsi ilə vidalaşmağa məcbur olurlar. Texnoloji vasitələrdən nizamsız və həddindən çox istifadə edilməsi, oturaq vəziyyətdə və qapalı yerdə uzun müddət qalmaq isə gənclərimizin sağlamlığını zədələyir. Onlarda başağrısı, başgicəllənmə, repressiya, aqressivlik, özünəqapanma, unutqanlıq, yaddaşın zəifləməsi, sosial həyatdan aralanma meyilləri yaranır. Məsuliyyətsizlik, biganəlik, tənbəllik halları artır. Günün çoxunu özünə fasilə və istirahət vermədən mobil telefon və kompüter texnologiyasından sui-istifadə edən bəzi gənclərdə görmədə ciddi problemlər, korluq, qulaqlıqlardan həddən artıq çox istifadə etdikdə isə karlıq yaranır. Bunların hər hansı birindən ifrat dərəcədə asılılıq bəzən gənclərimizi dibi görünməyən dərin bir uçuruma aparır. Get-gedə şəxsi maraqlar alt-üst olur, istəklər, arzular və məqsədlər isə sabun köpüyü kimi əldən çıxıb gedir. Mənəvi-psixoloji hazırlığın və zəngin psixoloji bilik, bacarıq və təcrübənin olmaması bu gənc insanlarda ciddi narahatlıq yaradır. Artıq dözülməz vəziyyət gənclərin səbrini tükəndirir, iradəsini tamamilə zəiflədir, özünüdərk, özünəinam, özünüidarə, özünənəzarət, özünümüdafiə kimi psixoloji keyfiyyətlər isə tədricən itirilir. Ayıq-sayıq olmayan, öyüd-nəsihət eşitməyən, öz gələcəyini düşünməyən, irəlini görməyən, ata-anasına, müəlliminə, özünə, qohum-əqrəbasına hörmət bəsləməyən bəzi nadan və təcrübəsiz gənclər zərərli asılılıqdan heç cür yaxa qurtara bilmir və sonda həmin pis vərdişlərin qurbanına çevrilirlər.

Bir daha qeyd etməyi vacib bilirik ki, mənəvi-psixoloji hazırlıq, şəxsi emosiyaların düzgün tənzimlənməsi, psixoloji tarazlığın qorunması, özünəinam, özünüidarə keyfiyyətləri xüsusilə gənclik dövründə insan üçün vacib əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
525.az

1Mənbələr