Portuqaliyanın paytaxtı Lissabonda EFC-nin Kommersiya, İnnovasiya və Azarkeş Klubları Bağlantısı (Commercial, Innovation and Fans Club Connect) tədbiri keçirilib. Toplantı Avropa futbolunda kommersiya, innovasiya və azarkeş əlaqələrinin inkişafına həsr olunub.
Sportal.az xəbər verir ki, Lissabonda təşkil olunan tədbirin əsas məqsədi futbol klublarının davamlı maliyyə artımını təmin etməsi, rəqəmsal transformasiyaya uyğunlaşması və azarkeşlərlə daha güclü bağ qurması istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır.
Beynəlxalq platforma kimi təşkil olunan görüşdə aparıcı Avropa klublarının rəhbərləri, kommersiya və marketinq mütəxəssisləri, eləcə də texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər. Panel müzakirələrində azarkeş bağlılığı, qlobal tərəfdaşlıqlar, bilet satışı texnologiyaları və stadion təcrübəsinin inkişafı kimi mövzular ön plana çıxıb.
Tədbirdə "Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov, marketinq və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev və əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev iştirak ediblər.
"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov “Tərəfdar Bağlılığı Yaratmaq - Xallar və İmtiyazlardan Kənar” panelində təqdimatla çıxış edib. O, “Qarabağ”ın mobil tətbiqi, son dövrlərdəki inkişafı, həmçinin loyallıq haqqında danışıb, müasir futbol klubları üçün əsas istiqamətlərdən biri azarkeşlərə real dəyər təqdim etmək və onlarla uzunmüddətli emosional bağ qurmaq olduğunu vurğulayıb. Əsgərov bildirib ki, düzgün qurulan azarkeş strategiyası klubun həm brend dəyərinə, həm də kommersiya gəlirlərinə müsbət təsir göstərir.
saytlarin hazirlanmasi