İran ABŞ-ın ölkə ərazisinə quru qoşunları çıxarması halında Bab əl-Məndəb boğazını bağlaya bilər. Bu barədə Tasnim News Agency mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əgər ABŞ İran ərazisində və ya adalarında hər hansı hərbi addım atsa, yaxud dəniz qüvvələri vasitəsilə hücum etməyə cəhd göstərsə, Tehran “sürpriz olaraq yeni cəbhələr” açaraq qarşı tərəfin xərclərini ikiqat artıracaq.
“Bab əl-Məndəb boğazı dünyada ən strateji əhəmiyyətə malik keçidlərdən biridir və İran bu bölgədə real təhlükə yaratmaq iradəsi və imkanına malikdir. Əgər amerikalılar Hörmüz boğazı ilə bağlı vəziyyətdən çıxış yolu kimi düşünülməmiş addımlar atmaq istəsələr, ehtiyatlı olmalıdırlar ki, problemlərinə daha bir boğaz əlavə etməsinlər”, – deyə mənbə bildirib.
Bab əl-Məndəb boğazı Avropa ilə Şərqi və Cənubi Asiya arasında mühüm ticarət marşrutudur və böyük iqtisadi-strateji əhəmiyyətə malikdir.
Türkiyəli təhlükəsizlik eksperti Mustafa Böğürcü qeyd edib ki, bu boğazın bağlanması qlobal iqtisadiyyat üçün ciddi təhlükə yaradar. Onun sözlərinə görə, dünya ticarətinin təxminən 12%-i bu marşrutdan keçir və bu, Avropa ilə Asiya arasında konteyner daşımalarının əsas yollarından biridir.
Xatırladaq ki, martın 21-də hərbi mənbə ABŞ-ın Xark adasını ələ keçirməyə cəhd edəcəyi halda “misli görünməmiş cavab” veriləcəyini də bildirmişdi. Variantlardan biri kimi Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə qeyri-sabitliyin yaradılması göstərilib.
Qeyd edək ki, martın əvvəlində Tehran artıq Hörmüz boğazını bağlamışdı. Bu isə qlobal yanacaq böhranına və neft qiymətlərinin kəskin artmasına səbəb olmuşdu.