AZ

ABŞ-də supervarlıların sayı rekord həddə çatıb - SƏBƏB

Son illərdə ABŞ-də çoxmilyonlu sərvətə malik insanların sayı nəzərəçarpacaq dərəcədə artıb.

Ölkə.Az "The Wall Street Journal"a istinadən xəbər verir ki, hazırda ölkədə sərvəti 30 milyon dollardan yuxarı olan təxminən 430 min ev təsərrüfatı mövcuddur. Onlardan 74 minə yaxınının kapitalı isə artıq 100 milyon dollar həddini keçib. Diqqətçəkən məqam odur ki, 1990-cı ildən bu yana varlı ailələrin sayındakı artım ümumi əhali artımını xeyli üstələyib.

Məqalədə qeyd olunur ki, bu tendensiyanın əsas səbəblərindən biri fond bazarının davamlı yüksəlişidir. Səhmlərin bahalaşması fərdi investorların gəlirlərini artırmaqla yanaşı, pensiya yığımlarının da böyüməsinə ciddi təkan verib. Bununla yanaşı, kiçik və orta biznesin fəal inkişafı da sərvət toplanmasını sürətləndirən əsas amillərdən biri kimi göstərilir. Araşdırma ABŞ Federal Ehtiyat Sistemi və Prinston Universiteti tədqiqatçılarına istinadən hazırlanıb.

Hazırda ölkədə ən böyük maliyyə resursları əsasən “bebi-bum” nəslinin əlində cəmləşib. 1946–1964-cü illərdə doğulan bu nəslin ümumi aktivləri 88,5 trilyon dollar təşkil edir. Onlardan sonra gələn X nəsli 45,4 trilyon dollar sərvətlə ikinci yerdə qərarlaşıb. Daha yaşlı “sakit nəsil”in payına 20,8 trilyon dollar düşür. Daha gənc nəsillər – milleniallar və zumerlər isə ümumilikdə təxminən 18,25 trilyon dollarlıq aktivə sahibdirlər.

Nəşr vurğulayır ki, əhalinin varlanması gündəlik iqtisadi davranışlarda da açıq şəkildə hiss olunur. Xüsusilə bahalı daşınmaz əmlak bazarında 10 milyon dollardan yuxarı dəyəri olan evlərin alqı-satqısı artıb. Eyni zamanda premium seqmentə aid məhsullara – bahalı avtomobillərə və lüks brendlərə tələbat yüksəlib. Həmçinin biznes-klass uçuşlara və şəxsi təyyarələrə maraq da əhəmiyyətli dərəcədə genişlənib.

Seçilən
49
3
olke.az

4Mənbələr