Xəbər verdiyimiz kimi, Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda, Vaşinqtonun Tehrana təqdim etdiyi iddia olunan gizli sənədin detalları dünya mediasına sızıb. İsrailin “12-ci kanal”ının yaydığı məlumata görə, ABŞ tərəfi müharibəni dayandırmaq və yeni münasibətlər sistemi qurmaq üçün İrana 15 bənddən ibarət genişmiqyaslı razılaşma planı təklif edib.
NOCOMMENT.az xəbər verir ki, sızan məlumatlarda Vaşinqtonun İrana qarşı bütün sanksiyaların ləğvi, mülki nüvə layihələrinin inkişafına yardım və sanksiyaların yenidən tətbiqi qorxusunun aradan qaldırılması kimi ciddi vədlər verdiyi görünür. Bunun müqabilində isə Tehrandan nüvə proqramının dondurulması, uranın zənginləşdirilməsi imkanlarının məhdudlaşdırılması, Natanz, İsfahan və Fordo kimi strateji obyektlərin fəaliyyətinin dayandırılması və raket proqramının gələcəkdə müzakirəyə çıxarılması tələb olunur.
Lakin Tehranın bu təkliflərə yanaşması birmənalı deyil. Məlumata görə, İran tərəfi əvvəlki uğursuz danışıqlar təcrübəsini əsas gətirərək Vaşinqtonun səmimiyyətinə şübhə ilə yanaşır. Maraqlıdır ki, İran rəsmiləri Donald Trampın yaxın ətrafı olan Stiven Uitkoff və Cared Kuşnerlə deyil, birbaşa vitse-prezident Ceyms Devid Vens ilə dialoq aparmağa daha çox üstünlük verdiklərini gizlətmirlər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, bu 15 bəndlik plan əslində İranı küncə sıxışdırmaq və strateji geriçəkilməyə məcbur etmək cəhdidir:
“Təqdim olunan bəndlər ilk baxışda İrana iqtisadi nəfəslik vəd etsə də, mahiyyət etibarilə ölkənin illərlə qurduğu müdafiə və nüvə sütunlarını sökməyi hədəfləyir. Xüsusilə Natanz və Fordo kimi obyektlərin sıradan çıxarılması tələbi Tehran üçün qırmızı xətdir. ABŞ bu planla göstərmək istəyir ki, Tramp administrasiyası müharibə yox, böyük sövdələşmə tərəfdarıdır. Lakin İranın bu təklifləri indiki şəraitdə tam qəbul edəcəyi inandırıcı görünmür, çünki bu, rejim üçün həm daxili, həm də regional nüfuzun itirilməsi deməkdir”.
O, bildirib ki, İranın danışıqlar aparmaq üçün konkret şəxsləri seçməsi Vaşinqton daxilindəki qütbləşmədən istifadə etmək cəhdidir:
“Tehranın Kuşner və Uitkoffu rədd edib Vensə üstünlük verməsi təsadüfi deyil. Kuşner İsrailə yaxınlığı və “İbrahim razılaşmaları”nın memarı olması ilə Tehranın qara siyahısındadır. Vens isə daha çox “ABŞ-nin maraqları hər şeydən üstündür” prinsipi ilə hərəkət edən realist bir siyasətçi təsiri bağışlayır. İran ümid edir ki, Vens vasitəsilə İsrailin maraqlarını deyil, məhz Amerikanın maraqlarını ön plana çəkən daha yumşaq bir saziş əldə edə bilər. Lakin 15 bəndlik bu plan göstərir ki, ABŞ-nin şərtləri kifayət qədər sərtdir və Tehranın manevr imkanları getdikcə daralır”.
Tunar
NOCOMMENT.az