AZ

4 aydı, həbsdə olan ''Qalatasaray''lı futbolçu azadlığa buraxıldı!

Futbolda qeyri-qanuni pul qoyuluşu ilə bağlı qalmaqalda dekabrın 9-dan bu yana həbsdə olan ''Qalatasaray''ın üzvü Metehan Baltacının məhkəmə prosesi baş tutub.

''Nesine'' saytında qeydiyyatı olan bu futbolçu 2021-ci ildə ''Qalatasaray''ın ''Göztəpə'' və ''Çaykur Rizəspor''a qarşı oyunlarına pul qoyuluşları etməkdə günahlandırılırdı. Həmin vaxt gənc oyunçu özü də ''Qalatasaray''da çıxış edirdi. Ancaq əsas komandada yox, akademiyada. Metehanın öz oynadığı matça pul qoyuluşu etməsi və nəticəyə təsir göstərməsi sübuta yetirilsəydi, ona 4 ildən 13 ilə qədər həbs veriləcəkdi.

Bu futbolçuya dəstək olmaq üçün ''Qalatasaray''ın idarə heyətinin üzvləri Mətin Öztürk, Abdulla Kavukçu, Eray Yazqan, eləcə də baş məşqçi Okan Buruk məhkəmə zalına gəlmişdi.

Metehan hakim qarşısında bunları deyib:

''Üzərimə atılanlarla razı deyiləm. İddianamədə səsləndirilən iki qarşılaşma oynanılan vaxt mən U-19 komandasında idim. Bəli, qanuni bir mərc saytında qeydiyyatım var idi və bu iki oyunda qol hesabına pul qoyuluşu etmişdim. Əvvəla peşəkar futbolçu üçün pul qoyuluşunun qadağan olunduğunu bilmirdim. Bundan başqa mənim həmin vaxt əsas komandada yer futbolçularla heç bir əlaqəm yox idi. Onlar ayrı, akademiyanın üzvləri isə ayrı məşq edirdilər. Ona görə də bu iki matçda iştirak edən futbolçulara heç bir əlaqə qurmamışam. Zatən o mərclərdən də heç bir gəlir əldə etməmişdim. Mesajlarımdan da göründüyü kimi mən heç kimlə əlbir olmamışam. Həmin tarixdə mənim hesabıma da heç bir pul daxil olmayıb. Heç kimi də aldatmamışam. 12 yaşımdan futbolla məşğul oluram. İllərdi, bu işə əmək verirəm. Belə bir duruma düşmək məni çox üzdü və iddiaların heç birini qəbul etmirəm. 4 aydı, həbsdəyəm. Bəraətimi və azadlığa buraxılmağımı tələb edirəm''.

Məhkəmə heyəti müəyyən qədər düşündükdən sonra qərarını açıqlayaraq bu futbolçunun günahsız olduğunu bildirib. Beləliklə, 23 yaşlı Metehan məhkəmə zalından azadlığa buraxılıb. Yaxın günlərdə həbsdə olan daha bir tanınmış futbolçu - ''Fənərbaxça''nın kapitanı Mərt Hakan Yandaşın da məhkəmə prosesinin olacağı gözlənilir.
Seçilən
22
football-plus.az

1Mənbələr