AZ

Tofiq Musayevin rəqibi: “Duşda gizlicə ağlayırdım” - İDMAN.BİZ-in İCMALI

Çilili yüngül çəki döyüşçüsü İqnasio Bahamondes azərbaycanlı rəqibi Tofiq Musayev ilə döyüş öncəsi səmimi açıqlamaları ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Tofiq Musayev - İqnasio Bahamondes qarşılaşması martın 28-də Sietldə keçiriləcək “UFC Fight Night: Adesanya vs Pyfer” turniri çərçivəsində baş tutacaq.

Ən diqqətçəkən məqam Bahamondesin son aylardakı psixoloji vəziyyəti ilə bağlı etirafı olub. O, podkastrer Shelao ilə söhbətində bildirib ki, UFC-nin uzun müddət ona döyüş verməməsi səbəbindən ağır dövr keçirib:

“Bu, qəribə vəziyyət idi. Əvvəlcə qəzəb hiss edirdim ki, UFC mənə döyüş vermir, sonra bu narahatlığa çevrildi və sonda depressiyaya düşdüm. Mənə döyüş lazım idi, oktaqona çıxmaq istəyirdim. Bir gün məşqdən sonra artıq tam tükənmiş halda duşa girdim və orada ağladım ki, heç kim görməsin”.

Çilili döyüşçü oktaqona qayıdış şansını necə əldə etdiyini də xatırladıb. O bildirib ki, son döyüşünü 21 iyun 2025-ci ildə Bakıda keçirib və hakimlərin yekdil qərarı ilə Rafael Fiziyevə uduzub.

“Dedim ki, Allahım, mənə bir şans ver, istənilən vaxt hazır olacağam. Ertəsi gün qısa müddətdə döyüş təklif ilə bağlı zəng gəldi. Mən də qəbul etdim. Bəlkə bir az daha çox vaxt istərdim, amma hər şeyin öz zamanı var”, - deyə o qeyd edib.

“The Clinic” nəşrinə müsahibəsində Bahamondes Musayevlə döyüşə də toxunub və məğlubiyyətlərdən düzgün nəticə çıxarmağın vacibliyini vurğulayıb:

“Bu idman çox sürətlidir. Saniyələr içində plan dəyişməlidir və hər detal nəticəyə təsir edə bilər”.

Döyüşün mümkün ssenarisi barədə danışan idmançı bildirib ki, komandasının hazırladığı plana sadiq qalmaq əsas şərtdir:

“Biz bütün variantlara hazırıq. Fiziyevlə döyüşdə plan dəyişmişdi, amma bu dəfə hər şeyə uyğunlaşmağa hazırıq. Musayevi məğlub etmək üçün plana əməl etməli və komandamın göstərişlərinə diqqətlə yanaşmalıyam”.

Bahamondes rəqib tapmaqda yaşadığı çətinliklərə də toxunub:

“Matçmeykinq çox dəyişkəndir. Planlaşdırılan bir çox döyüşlər baş tutmur. Uzun müddət döyüş istəyirdim, amma rəqiblər imtina edirdi. Bu dəfə şans verildi və qəbul etdim”.

Qeyd edək ki, Tofiq Musayev də UFC-də ilk və hələlik yeganə döyüşünü 21 iyun 2025-ci ildə Bakıda keçirib və qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olub.

İdman.Biz
Seçilən
21
1
idman.biz

2Mənbələr