AZ

Nikoloz Xatiaşvili: Süni intellekt sahəsində Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq fayda verə bilər

Tbilisi, 25 mart, AZƏRTAC

Kibertəhlükəsizlik, dezinformasiyaya qarşı mübarizə və süni intellekt (Sİ) sahəsində Gürcüstanın və Azərbaycanın müvafiq qurumları, akademik birlikləri arasında əməkdaşlıq çox yaxşı fayda verə bilər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində "Geocase” analitik mərkəzinin xarici siyasət üzrə tədqiqatçısı və beynəlxalq əlaqələr üzrə katibi Nikoloz Xatiaşvili deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstanın kommunikasiya qurumları əhali arasında media savadlılığının artırılması istiqamətində mühüm işlər görür.

Bununla yanaşı, qeyri-hökumət təşkilatları və analitik mərkəzlər də mühüm rol oynayır. Eyni zamanda, Gürcüstanda bir çox dövlət və özəl universitetlərdə süni intellekt və saxta xəbərlərin müəyyən edilməsi ilə bağlı proqramlar yaradılıb ki, bu da dezinformasiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynayır. Lakin bütün bu addımlara baxmayaraq, dezinformasiya Gürcüstan üçün hələ də ciddi çağırış olaraq qalır.

“Gürcüstanda əsasən siyasətçilərə aid olduğu iddia edilən “gizli” səs yazıları ilə bağlı bir sıra halların şahidi olmuşuq. Lakin süni intellekt daha çox görüntü (vizual) materialların hazırlanmasında istifadə olunur”, - deyə N. Xatiaşvili əlavə edib.

Onun sözlərinə görə, süni intellekt vasitəsilə yaradılan saxta şəkillər sosial şəbəkələrdə xüsusilə geniş yayılıb və bu, Gürcüstan üçün əsas çağırışlardan biri hesab olunur. Videolara gəldikdə, sosial şəbəkələrdə süni intellektlə hazırlanmış çoxsaylı videomateriallar mövcuddur. Lakin bu videoların keyfiyyəti çox vaxt aşağı olduğundan onların saxta və ya Sİ tərəfindən yaradıldığını müəyyən etmək nisbətən asandır.

Ekspert hesab edir ki, bu sahədə beynəlxalq əməkdaşlıq təcrübə mübadiləsi xüsusilə vacibdir.

“Bu baxımdan hesab edirəm ki, analitik mərkəzlər və akademik dairələr arasında əməkdaşlıq olduqca səmərəli ola bilər. Təcrübə mübadiləsi hər zaman mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycanda və Gürcüstanda dezinformasiyanın müxtəlif formaları mövcuddur və bu təcrübələrin qarşılıqlı paylaşılması dezinformasiyaya qarşı mübarizədə, saxta narrativlərin ifşasında və ümumilikdə informasiya mühitinin daha təhlükəsiz olmasında mühüm rol oynaya bilər” - deyə, ekspert vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
20
azertag.az

1Mənbələr