Söhbət "Qarabağ"dan getməsəydi, "Sabah"ı indidən çempionluq münasibətiylə təbrik etmək olardı. Sona 8 tur qalmış 10 xallıq fərq Dambrauskasın komandası üçün böyük üstünlükdür. "Qarabağ"ın ehtiyatda 1 oyunu var, amma rəqibin yüksəlişdə olan "Neftçi" olduğunu nəzərə alsaq, həmin matçda da xal itkisinin mümkünlüyü gözə alınmalıdır.
"Sabah"ı tarixində ilk çempionluqdan 8 oyunluq məsafə ayırır. "Qarabağ" çempionluğu əldən verməmək üçün uda-uda getməli, "Sabah" isə ən azı 3-4 oyunda xal itkiləri ilə üzləşməlidir. Belədə ortaya sual çıxır, çox yaxşı mövsüm keçirən "Sabah"ı kimlər dayandıra bilər?
"Qarabağ" ilk növbədə "Sabah"la şəxsi oyunda mütləq qələbə qazanmalıdır ki, heç olmasa aradakı fərqin 3 xalını özü qapatsın. Başqalarına gəlincə, nə qədər qəribə səslənsə də, "Sabah"ın bu mövsüm ciddi çətinlik yaşadığı rəqiblərdən biri "Şamaxı"dır. Masazırda güclü rəqibindən xal alan Ayxan Abbasovun komandası evdə də buna yaxın olmuşdu.
Digər rəqiblərdən "Neftçi" ilə "Turan Tovuz" qeyd olunmalıdır. Son illər hər dəfə "Sabah" "Neftçi"nin qarşısına sədd çəkibsə, bu dəfə əksi yaşana bilər. Olduqca yaxşı formada olan Vernidubun komandası lideri büdrətmək gücündədir. Eyni sözləri "Turan Tovuz" barədə də demək olar. Berdiyevin müdafiəsi "çat" verməsə, "Sabah"la matçdan bərabərliklə ayrıla bilərlər. Onu da qeyd etmək lazımdır ki, "Sabah" bu rəqiblərlə son iki turda üz-üzə gələcək. O vaxta qədər çempionluq rəsmiləşməsə, bu, "Qarabağ" üçün ilk pilləni ələ keçirmək baxımından fürsətə çevriləcək.
"Sabah"ın çətin oyunları siyahısına "Araz-Naxçıvan" və "Zirə"ni də əlavə etmək olardı. Lakin Naxçıvan təmsilçisi qeyri-sabit çıxış edir, "Zirə" isə "Sabah"la bu mövsüm keçirdiyi hər iki oyunda çox zəif təsir bağışlayıb.
Lakin "Sabah" xal itkilərinə yol versə də, "Qarabağ"ın finiş xəttinə qədər birnəfəsə irəliləyə biləcəyinə inam çox deyil. Qurban Qurbanovun komandası əvvəlki mövsümlərdəki qədər əzəmətli görünmür.
Fikrət
saytlarin hazirlanmasi