AZ

Yaxın illərdə Gürcüstanda dövlət universitetlərinə qəbul kvotaları ikiqat artırılacaq

Tbilisi, 25 mart, AZƏRTAC

Gürcüstanda ali təhsil sistemində nəzərdə tutulan dəyişikliklərə əsasən 2028-2029-cu tədris ilində ölkə universitetlərinə qəbul kvotaları ikiqat artırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu qərar həmin dövrdə 11-ci və 12-ci sinif şagirdlərinin eyni vaxtda məktəbi bitirməsi ilə əlaqədardır. Bu isə ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sayında kəskin artım yaradacaq.

Eyni zamanda, dəyişikliklər magistratura səviyyəsinə də təsir göstərəcək. Belə ki, bakalavr proqramlarının böyük hissəsinin 3 illik təhsil modelinə keçməsi nəticəsində 2024-cü və 2025-ci illərdə təhsil alan tələbələrin əksəriyyəti 2027–2028-ci tədris ilində məzun olacaq. Bu səbəbdən 2028–2029-cu tədris ili üçün magistr proqramlarına qəbul sayının da artırılması nəzərdə tutulur.

Qeyd edək ki, aparılan islahatlar çərçivəsində ümumi təhsil sistemində də dəyişikliklər tətbiq edilir. Orta məktəb mərhələsi 10–11-ci sinifləri əhatə edəcək, 12-ci sinif isə könüllü olacaq. Şagirdlər istədikləri halda əvvəlcədən qeydiyyatdan keçərək təhsillərini 12-ci sinifdə davam etdirə biləcəklər. 11-ci sinif şagirdləri üçün xüsusi hazırlıq (bərpa) sinifləri təşkil olunacaq ki, bu da onların milli imtahanlara daha effektiv hazırlaşmasına imkan verəcək.

Yeni qaydalar hazırda 9-cu sinifdə təhsil alan şagirdlərə şamil ediləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

Seçilən
21
2
azertag.az

3Mənbələr