AZ

Çiçəklərdən boylanan bahar... - FOTOLAR

Bakı, 25 mart, AZƏRTAC

Yurdumuza yaz gəlib. Onu torpağın oyanışından, səhərlər eyvanımıza ələnən qaranquş nəğmələrindən, pəncərənin şüşəsini adlayaraq evə dolan günəşin zərrin şəfəqlərindən hiss etmək olar.

Bir də düyüncəsini yarıb çıxan yaz çiçəklərindən. Ağappaq çiçəklər yazın ilk müjdəçilərindən biridir. Hələ qış çəkilib getməmiş, dağlar-dərələr qar yorğanını soyunmamış badam, zoğal ağacları təzəcə nəfəsi duyulan yazı salamlayır. Çılpaq budaqlarda çiçəklər açır. Bahar çılpaq budaqlardakı həmin çiçəklərdən boylanır.

Güllər baharı salamlayır, çiçəklər Günəşə boylanır. Hər gün yeni çiçəklər doğulur. Şair demişkən: “Çiçəklər doğulur bu yaz gecəsi, Bu yaz gecəsində sevməyə nə var?”

“Bir çiçəklə yaz açılmaz”, - deyiblər. Amma kim deyir ki, çiçək birdir? Düzdü, əvvəllər bir-bir, tək-tək gözə dəyirdi, amma indi yavaş-yavaş çoxalır. Yazın qədəmləri torpağa dəydikcə, yazın nəfəsi duyulduqca daha çox çiçək göz oxşayacaq, getdikcə təbiəti, dünyanı ağappaq çiçək yağışı bürüyəcək...

Mövzu ilə bağlı AZƏRTAC-ın fotoreportajını təqdim edirik.

Fotoqraf – Aydın Oqtayoğlu

Seçilən
8
3
azertag.az

4Mənbələr