AZ

Yeganə Hacıyeva: ""ABŞ İslamla mübarizə aparır" kimi iddialar əsassızdır"

ABŞ-nin müdafiə naziri Pit Heqset ölkənin İranda keçirdiyi əməliyyatlarla bağlı jurnalistlər üçün təşkil olunan brifinqdə səsləndirdiyi iddia olunan fikirlər müzakirələrə səbəb olub. Belə ki, bir sıra media qurumları onun açıqlamalarını “İstər sünni, istərsə də şiə olsun, bizim hədəfimiz İslamdır” kimi təqdim edib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətin üzvü, politoloq Yeganə Hacıyeva bildirib ki, Pit Heqsetin Pentaqonun mətbuat mərkəzində səsləndirdiyi real açıqlamalar ilə bəzi media qurumlarında yayılan tərcümələr arasında ziddiyyət mövcuddur.

 

Onun sözlərinə görə, təqdim olunan sitatlar nazirin brifinq zamanı ifadə etdiyi fikirlərlə tam uyğunluq təşkil etmir: “Açıqlamalarının məğzi ondan ibarətdir ki, ABŞ Yaxın Şərqdə radikal silahlı qruplaşmalara qarşı mübarizə apararkən onların məzhəb mənsubiyyətinə deyil, məhz radikalizm və təhlükə potensialına fokuslanır. Yəni burada vurğulanan məqam İslam dini deyil, radikallaşmış və zorakılığa əsaslanan qruplardır. Qeyd edim ki, müzakirələrin mərkəzində dayanan əsas məsələlərdən biri Heqsetin istifadə etdiyi xristian ritorikasıdır. Lakin onun bu ritorikanın avtomatik şəkildə İslama qarşı, ya başqa dinlərə qarşı yönəldildiyini iddia etmək doğru deyil. Siyasi kommunikasiya praktikası göstərir ki, siyasi və hərbi liderlərin dini kimliyə istinad etməsi çox vaxt ideoloji səfərbərlik və daxili auditoriyaya mesaj xarakteri daşıyır, bu isə konkret olaraq başqa bir dinə qarşı müharibə elan edilməsi anlamına gəlməməlidir”.

 

Y.Hacıyeva qeyd edib ki, hazırda “İslama qarşı mübarizə” tezisinin yayılması isə daha çox informasiya mühitinin təbiəti ilə bağlıdır: “Bir sıra media şəbəkələrdə belə siyasi bəyanatlar tez-tez kontekstdən çıxarılır, qısa və emosional başlıqlara çevrilir. Nəticədə ilkin məna təhrif olunur və beynəlxalq auditoriyaya daha sərt, lakin reallığı əks etdirməyən mesaj ötürülür. Bu, xüsusilə geosiyasi gərginlik dövrlərində informasiya manipulyasiyasının tipik nümunəsidir. Bundan əlavə, beynəlxalq hüquq və diplomatik praktika baxımından hər hansı dövlətin açıq şəkildə bir dinə qarşı mübarizə apardığını bəyan etməsi son dərəcə qeyri-real və dövlətin özü ağır nəticələr doğuracaq addım olardı. Belə bir ritorika dərhal qlobal səviyyədə siyasi, iqtisadi və təhlükəsizlik böhranlarını dərinləşdirərdi. Məhz buna görə də ABŞ kimi dövlətlərin rəsmi mövqeyi prinsip etibarilə din ilə deyil, təhlükə mənbəyi kimi qiymətləndirilən konkret dini qruplarla mübarizə üzərində qurulub. Pentaqon rəhbərliyi tərəfindən İslamın özü ilə sistemli və ya birbaşa qarşıdurma barədə tirajlanan məlumat daha çox məqsədli interpretasiya və informasiya təhrifidir. Digər tərəfdən, Pentaqon rəhbərliyinin çıxışlarında xristian kimliyinə tez-tez istinad edilməsi də ayrıca müzakirə mövzusudur. Bu, bəzi siyasi dairələrdə və xüsusilə Donald Trampın rəhbərliyi ilə formalaşan respublikaçı diskursda ABŞ-ın qlobal miqyasda xristian dəyərlərinin müdafiəçisi kimi təqdim olunması ilə üst-üstə düşür. Lakin bu ritorika beynəlxalq səviyyədə birmənalı qarşılanmır və haqlı olaraq suallar doğurur: çoxkonfessiyalı və çoxmillətli cəmiyyətə malik bir dövlətin hər hansı dini kimliyi ön plana çıxarması dini balans və inklüzivlik prinsipləri ilə nə dərəcədə uzlaşır? ABŞ kimi qlobal gücün daxilində milyonlarla müsəlman, yəhudi, xristian və digər dini icmaların yaşadığı nəzərə alınarsa, rəsmi ritorikada hər hansı dini dominantlığın vurğulanması müəyyən hallarda dini ayrı-seçkilik kimi interpretasiya oluna bilər. Lakin bu, yenə də “ABŞ İslamla mübarizə aparır” kimi kəskin və ümumiləşdirilmiş iddiaları əsaslandırmır”.

 

Şəhanə Quliyeva

Tarix: 25 Mart 2026, 08:59   
Seçilən
37
pravda.az

1Mənbələr