ain.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatların gedişi və Tehranla pərdəarxası təmaslar barədə silsilə bəyanatlarla çıxış edib. Ağ Ev rəhbəri İranın hazırkı vəziyyətini "tamamilə zəifləmiş" kimi xarakterizə edərək, tərəflər arasında gizli danışıqların getdiyini təsdiqləyib.
"AzPolitika.info" Trampın çıxışındakı əsas məqamları təqdim edir:
"İran tərəfi sövdələşmə üçün can atır"
Tramp bildirib ki, ABŞ hazırda İranla "düzgün adamlar" vasitəsilə danışıqlar aparır. Onun sözlərinə görə, İran tərəfi yeni saziş imzalamaq üçün gözləniləndən daha çox maraqlıdır: "Biz lazım olan insanlarla danışırıq və onlar sövdələşmə bağlamağı çox istəyirlər. Onların buna nə dərəcədə ehtiyacı olduğunu təsəvvür belə edə bilməzsiniz. Bu prosesdə Marko (Rubio), Cey Di (Vans) və digərləri iştirak edir".
"Tehran üzərində tam sərbəstik"
Hərbi uğurlardan bəhs edən Prezident qeyd edib ki, İranın malik olduğu hərbi potensialın böyük hissəsi artıq məhv edilib: "Demək olar ki, hər şey yoxa çıxıb. Qəzetlərdə "heç-heçə" yazıldığını görə bilərsiniz, amma bu belə deyil. Biz Tehran səmasında tam sərbəst hərəkət edirik və istədiyimiz hər şeyi edə bilərik".
"USS Abraham Lincoln"a hücum və nüvə silahı
Tramp İranın ABŞ hərbi gəmisinə hücum cəhdinin uğursuzluqla nəticələndiyini açıqlayıb. O, 100-ə yaxın raketin atıldığını, lakin hamısının dəniz üzərində məhv edildiyini vurğulayıb. Eyni zamanda, İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair razılıq verdiyini də iddia edib.
"Rejim artıq dəyişib"
Ən maraqlı məqamlardan biri isə "rejim dəyişikliyi" ilə bağlıdır. Tramp hazırda İrandakı rəhbərliyin əvvəlkindən fərqli olduğunu bildirərək, bunu "faktiki rejim dəyişikliyi" adlandırıb: "Mən buna müharibə deyil, çox uğurlu bir hərbi əməliyyat deyirəm. Biz faktiki olaraq rejimi dəyişmişik, çünki indiki liderlər başladığımız dövrdəkilərdən tamamilə fərqlidir".
Neft və qazla bağlı "hədiyyə"
Tramp çıxışının sonunda Tehranın Vaşinqtona "böyük bir hədiyyə" göndərdiyini qeyd edib. Bu hədiyyənin neft və qazla bağlı olduğunu deyən Prezident, "Bu gün çox böyük məbləğdə bir təklif daxil olub. Biz düzgün insanlarla işləyirik", - deyə o bildirib.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.