AZ

 İşdən bezmisiniz? - Təhlükə düşündüyünüzdən böyük ola bilər

İşdən bezmək, səhərlər işə getmək istəməmək, həftənin əvvəlini gərginliklə qarşılamaq bir çox insan üçün tanış haldır. Mütəxəssislər deyirlər ki, bu hiss təkcə “yorğunluq” və ya “əhvalsızlıq” deyil. Uzun müddət davam edəndə insanın psixoloji vəziyyətinə, münasibətlərinə və fiziki sağlamlığına da təsir edə bilər.

“Yeni Sabah” xəbər verir ki, mövzuya dair son qlobal məlumatlar da problemin geniş yayıldığını göstərir. “Gallup”un 2025-ci il “State of the Global Workplace” hesabatına görə, dünyada çalışanların cəmi 21 faizi özünü işinə bağlı hiss edir. Eyni hesabatda bildirilir ki, əməkdaşların 51 faizi yeni iş tapmağın hazırda mümkün olduğunu düşünür.

Mütəxəssislərin fikrincə, insan işindən uzun müddət narazı qalanda bu, tədricən emosional tükənməyə çevrilə bilər. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, əlverişsiz iş mühiti, həddən artıq iş yükü, aşağı nəzarət imkanları, qeyri-müəyyənlik, ayrı-seçkilik və iş təhlükəsizliyi ilə bağlı narahatlıq psixi sağlamlıq üçün ciddi risk yaradır. Təşkilatın məlumatına görə, hər il dünyada depressiya və təşviş səbəbindən 12 milyard iş günü itirilir və bunun iqtisadi dəyəri təxminən 1 trilyon dollardır.  

Bu narazılıq bəzən sadəcə “işimi sevmirəm” cümləsi ilə başlayır. Amma davam etdikcə yuxu pozuntusu, daimi əsəbilik, diqqətin zəifləməsi, həftəsonu belə dincələ bilməmək, işə qarşı laqeydlik və özünü faydasız hiss etmək kimi əlamətlərlə dərinləşə bilir.

Psixiatrlar bildirirlər ki, işdən narazılığın səbəbi hər zaman maaş olmur. Bəzən əsas problem rəhbərlə münasibət, kollektivdə gərginlik, qeyri-müəyyən vəzifələr, həddindən artıq nəzarət və ya inkişaf imkanlarının olmamasıdır. Başqa hallarda isə insanın şəxsi dəyərləri ilə gördüyü iş arasında uyğunluq olmur. Belə vəziyyətdə narazılıq zamanla daxili təzyiqə çevrilir.

Mövzu ilə bağlı açıqlamalarında ispaniyalı psixiatr və psixoterapevt Karlos Senalmor iş yerindəki tükənmənin çox vaxt səssiz başladığını bildirir. Psixiatra görə, təhlükəli məqam odur ki, bir çox insan tükənməni adi iş həyatı kimi qəbul edir və yardım axtarmağa gecikir. Onun iş stresi ilə bağlı yazılarında qeyd olunur ki, bu birdən yaranmır, yavaş-yavaş toplanır və insan bir gün həm fiziki, həm də emosional olaraq tamamilə yorulduğunu anlayır. Psixiatr əsas xəbərdarlıq əlamətləri kimi daimi yorğunluq, işə qarşı soyuma, kinli münasibət, motivasiyanın itməsi və “nə etsəm də çatmır” hissini göstərir.  

Bəs belə vəziyyətdə nə etmək lazımdır?

Mütəxəssislər ilk növbədə problemi adlandırmağı vacib sayırlar. Yəni insan özü üçün aydınlaşdırmalıdır: bu, sadəcə ağır bir həftənin yorğunluğudur, yoxsa artıq davamlı narazılığa çevrilib? Əgər işdən çıxandan sonra da beyin sakitləşmirsə, insan evdə də özünü gərgin hiss edirsə, səhər oyananda ilk hiss yorğunluq olursa, məsələni kiçiltmək düzgün deyil.  

İkinci vacib addım sərhəd qoymaqdır. Karlos Senalmor yazır ki, daimi əlçatan olmaq, hər tapşırığa “hə” demək və fasiləsiz işləmək tükənməni sürətləndirir. Onun fikrincə, iş saatından sonra qismən də olsa rəqəmsal ayrılma, bildirişlərin dayandırılması və şəxsi vaxtın qorunması zehni bərpa üçün lazımdır.  

Üçüncü məsələ bədənin verdiyi siqnalları görməzlikdən gəlməməkdir. İspan psixiatr qeyd edir ki, yuxusuzluq, davamlı gərginlik, baş və boyun ağrıları, sinədə sıxılma, mədə narahatlığı kimi əlamətlər bəzi hallarda uzunmüddətli iş stresinin fonunda güclənə bilər. Bu zaman təkcə motivasiya videoları və ya qısa istirahət həmişə kifayət etmir. 

Əlbəttə, hər iş narazılığı istefa ilə nəticələnməlidir demək düzgün olmaz. Ancaq mütəxəssislər vurğulayırlar ki, vəziyyət aylarla davam edir, narahatlıq artır, yuxu pozulur, iş performansı zəifləyir və insan gündəlik həyatından zövq almırsa, bu halda psixoloq və ya psixiatrla danışmaq faydalı ola bilər. Çünki problem vaxtında həll olunmadıqda təkcə karyeraya yox, ümumi həyat keyfiyyətinə də təsir edir.  

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
58
2
yenisabah.az

3Mənbələr