AZ

DÇ-2026-da bilet qalmaqalı: Avropa Komissiyasına şikayət edildi

Avropanın istehlakçı hüquqlarını müdafiə edən “Euroconsumers” və FSE (Avropa Futbol Azarkeşləri) təşkilatları 2026-cı il Dünya Çempionatı üçün bilet satışında inhisarçı mövqeyindən sui-istifadə etdiyi üçün FIFA-dan Avropa Komissiyasına şikayət ediblər.

İdman.Biz “Politico” nəşrinə istinadla xəbər verir ki, şikayət mətnində FIFA-nın bilet satışı üzərində müstəsna nəzarətə malik olaraq, alıcılar üçün süni şəkildə şişirdilmiş qiymətlər və qeyri-şəffaf şərtlər müəyyən etdiyi bildirilib. Bu hərəkətlərin Avropa İttifaqının fəaliyyəti haqqında müqavilənin bazarda hökmran mövqedən sui-istifadəni qadağan edən 102-ci maddəsini poza biləcəyi vurğulanıb.

Təşkilatlar yerlərin bölüşdürülməsində kifayət qədər şəffaflığın olmaması, dinamik qiymət siyasətinin tətbiqi və ucuz biletlərin süni defisitinin yaradılması kimi ehtimal edilən pozuntuları qeyd ediblər. Məlumata görə, final matçı üçün biletlərin qiyməti 4 min ABŞ dollarını (6800 AZN) keçir ki, bu da turniri əksər azarkeşlər üçün əlçatmaz edir.

Nəşr həmçinin, biletlərin yenidən satışı üçün komissiya kimi əlavə xərclərin, o cümlədən istifadəçiləri sürətli alış-verişə sövq edən marketinq alətlərinin tətbiq edildiyini yazıb. Təşkilatlar Avropa Komissiyasını qiymət məhdudiyyətlərinin tətbiqi və satışların şəffaflığının artırılması da daxil olmaqla, təcili tədbirlər görməyə çağırıblar.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi, ilk dəfə 48 komandanın qatılacağı turnir iyunun 11-də başlayacaq və iyulun 19-da başa çatacaq.

İdman.Biz
Seçilən
40
1
idman.biz

2Mənbələr