AZ

Oğlunu tapan ana və yaxşılığı unudan Ukrayna yol polisi FOTO

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

20 mart 2022-ci il. Rusiya ordusu bir aya yaxındır ki, Kiyevi tutmağa çalışır. Hətta qonşu Jitomir vilayətini də üzük qaşı kimi mühasirədə saxlayır.

Köhnə "cip" kələ-kötür yollara baxmayaraq sürətlə şütüyür, məni atıb-tuturdu. Mobil telefonda internet üzərindən Azərbaycandakı Novruz bayramı ilə bağlı görüntüləri, xəbərləri rahat izləyə bilmirdim. Avtomobil bərk silkələnirdi. Sükan arxasındakı ukraynalı hərbçi, yanındakı həmkarı ilə öz dillərində astadan nəsə danışırdılar. Səs-küydən anlaya bilmirdim. Amma anladığım odur ki, "Jitomir yolu" deyilən magistral yola Rusiya ordusu yaxınlaşıb, ona görə kəndlərarası yollarla sürətlə gedirdik.

Jitomir şəhərində tanış olduğum, ana babası azərbaycanlı olan, vilayət şurasının sədri Volodimir xahiş etmişdi ki, məni 150 kilometrlikdəki Kiyevə sağ-salamat qaytarıb çatdırsınlar.

O qədər sürətlə getdik ki, Kiyevə erkən çatdıq. Şəhərin girişində Azərbaycana məxsus SOCAR yanacaqdoldurma məntəqəsinə çatanda xahiş etdim ki, avtomobili saxlasınlar. Möhkəm susamışdım. SOCAR-da ləzzətli Azərbaycan çayı verirdilər.

Həmin ərəfədə logistika çətinliyi və digər səbəblərdən yanacaqdoldurma məntəqələrində qıtlıq və böyük növbə vardı. Ancaq xüsusi talonlarla yanacaq almaq olurdu.

Məni gətirən hərbçilərlə birlikdə içəri girdik. İri bir çaynik Azərbaycan çayı sifariş etdim. Bir-iki stəkan içib, onları masa arxasında qoyub bayıra çıxdım. Bayram günü ilə bağlı fürsət yaranmışkən Azərbaycanda olan ailəmə danışacaqdım.

Telefon danışığını bitirmişdim ki, yan tərəfdən iki polis nəfəri yaxınlaşdı. Onlardan biri dedi:

- Bağışlayın, danışığınızdan belə anladım ki, azərbaycanlısınız.

- Bəli. Azərbaycanlıyam, jurnalistəm. Nə olub?

- Ooo... Jurnalist. Lap yaxşı. Xahiş etmək istəyirdik ki, bəlkə burada yanacaq üçün bizə yardım edəsiniz. Talonumuz yoxdur. Xidmətdən evə qayıdırıq. Gündüz Jitomir tərəfdə diversantlar hücum etmişdilər.

- Bilmirəm sizə necə yardımçı olum?

Cəmi iki gün əvvəl bir ukraynalı tanışın minik avtomobilini götürmüşdüm ki, hərəkət edə bilim. Çünki taksi və ictimai nəqliyyat işləmirdi. Axşam şəhərə qayıdanda SOCAR-ın yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobilin yanacağı tükəndi. Cəmi 50 qriven (təxminən iki manat) pulum qalmışdı. Əlacsızlıqdan "SOCAR Ukrayna"nın direktor müavini Həzi Aslanovla əlaqə saxlayıb, kömək etməsini xahiş etdim. Heç bir kömək edə bilməyəcəyini deyib, telefon danışığını yarımçıq kəsdi.

İndi mənə yaxınlaşan polislərə də burada kömək edə bilməyəcəyimi yəqin etdikdən sonra, sadəcə üzrxahlıq etdim. Lakin kömək etmək istədim:

- Nə qədər yolunuz qalıb?

- Borispola gedirik. Haradasa 100 km olar.

- Kiyevə az qalıb. Şəhərə çatanda, sizi bir həmyerlimlə tanış edərəm. Onda ehtiyat yanacaq olur. Təmənnasız bir kanistr verə bilər - sözüm bitməmiş polislərdən biri yaxınlaşıb məni qucaqladı:

- Çox sağ olun. Mən eşitmişdim ki azərbaycanlılar böyük ürəklidirlər, həqiqətən elədir.

Adı Aleksandr idi. Onun telefon nömrəsini alıb, Kiyevdə yaşayan həmyerlim Şamxalla əlaqələndirdim. Maşınlarına minib yola düşdülər. Yarım saat keçmişdi ki, Şamxal zəng edib dedi ki, artıq polisləri yanacaqla təmin edib.

Artıq mən də Kiyevdə idim. Saat hələ 4 idi. Tez çatmışdıq. Şəhərdə sakitlik idi. Atışma səsləri kəsilmişdi. Vaxtdan səmərəli istifadə etmək üçün yaxınlıqdakı dəmiryol vağzalına yollandım. Reportaj hazırlamaq istəyirdim. Orada, Rusiya ordusunun tutduğu ərazilərdən "yaşıl dəhliz" vasitəsilə keçib gələn ukraynalıları danışdıra bilirdim.

Vağzala çatanda xeyli adam gördüm. Məlum oldu ki, Buça və Brivzeldən birsaatlıq "yaşıl dəhliz" açılıb, xeyli adam bu tərəfə keçib. Yeri gəlmişkən, Buçadan Kiyevin mərkəzinə cəmi 35 kilometrdir. Rusiya ordusu Buçanı tutub, Kiyevə doğru xeyli irəliləmişdi.

İlk rastıma çıxan, 50-55 yaşlı bir qadınla 20 yaşlı oğlana yaxınlaşdım. Ana-oğul idilər. Buçadan gəlmişdilər. Ananın adı Yekaterina, oğlunun adı Timofey idi. Ana affekt vəziyyətdə idi. Səbəbi dəhşəti idi:

- Ərimlə kiçik oğlumu bir göz qırpımında itirmişik. Nə zəng çatır, nə bir xəbər var. Birlikdə keçib gəlməliydik. Mişa (əri) kiçik oğlum Lyoşa ilə tez çıxdılar. İkisi də velosipedlə idi. Biz onların ardınca cəmi 10 dəqiqə sonra çıxsaq da, görə bilmədik. İndi də onlara zəng çatmır. Elə bil qeyb oldular. Əvvəl elə bildim onlar bizdən əvvəl keçiblər. Amma 4 saat keçsə də, əlaqə saxlamaq mümkün deyil. Mən dəli olacağam... - deyə hönkürtü ilə ağlamağa başladı.

Onlara yaxınlaşmağıma peşman oldum. Oğlu onu sakitləşdirməyə çalışdı, su verdi. Bir qədər sonra yenidən söhbətə başladım. Əri vəkil olub, qadın özü isə musiqi müəllimidir. Buçada həyətyanı böyük evləri var. Daha doğrusu varmış. Deyir zərbələrdən evləri də yararsız hala düşüb. Sağ qalmaq üçün son iki həftəni zirzəmidə yaşayırmışlar. İndi Lvova, bacısıgilə gedəcəkdilər.

Qızmar iyul ayı idi. Üç aydan çox vaxt keçmişdi. Artıq üç ay idi ki, Rusiya ordusu Kiyev, Jitomir, ümumiyyətlə, Ukraynanın bütün şimal vilayətlərindən çəkilib getmişdi. Tez-tez Buçaya gedib reportajlar, çəkilişlər edirdim. Növbəti səfərimdə, redaksiyadan gələn tapşırığa əsasən, döyüşlər vaxtı ailə üzvlərini itirmiş sakinləri çəkməliydim. Şəhər merinin nömrəsini ukraynalı tanışlar vasitəsilə tapıb, danışıb kömək etməsini istədim. Bir neçə əlaqə nömrəsi verdi. İlk nömrəyə zəng etdim. Səs yaman tanış gəldi. Bəli. Düz təxmin edirsiniz. Bir-iki sual cavabdan sonra aydın oldu ki, həmən o vağzaldakı Yekaterina idi. Düşündüm ki, itirdiyi əri ilə oğlunun cənazəsini tapıb. Telefonda ətraflı soruşmayıb, evlərinə getdim. Hər tərəf xarabalığa çevrilmişdi. Ümumiyyətlə, Buçada azad olunandan sonra nəinki salamat ev, hətta həyətində meyit basdırılmamış ev çox nadir hallarda tapmaq olardı.

Görüşəndə ilk olaraq yanında 14-15 yaşlı oğlanı göstərdi:

- O vaxt itirdiyim oğlumdur. Yəqin xatırlayırsınız?

- Əlbəttə, xatırlayıram. Bəs əriniz hanı?

- Onu öldürdülər... - deyə hüznlü, amma bu dəfə sakit danışmağa başladı.

Həmin vaxt onlardan əvvəl evdən çıxan əri ilə kiçik oğlu, bir tin aşağıda rus əsgəri ilə rastlaşıblar. Əsgər onlara dayan əmri verib, əllərini qaldırmalarını tələb edib. İkisi də velosipeddən düşüb əmrə tabe olublar. Bu zaman kişinin özünə söykədiyi velosiped sürüşüb aşıb. Əyilib onu qaldırmaq istəyəndə, əsgər onu güllələyib. Bundan qorxan uşaq özünü yaxınlıqdakı böyürtkən kollarının arasına atıb, oradan da qonşu həyətə tullanıb. Arxadan atəş açsalar da, xoşbəxtlikdən ona dəyməyib. Bir müddət zirzəmidə, qonşularla birgə gizlənib. Rabitə və internet kəsildiyi üçün anası ilə yalnız Rusiya ordusu Buçanı tərk edib gedəndən sonra əlaqə yarada bilib.

Onun adı Ruslan idi. Həmən gün ancaq bu ailə ilə söhbətləşdim. Çünki onların ailə faciəsi məni dərindən sarsıtmışdı.

Lap yadımdan çıxmışdı. Yazının əvvəlində yanacaq üçün xahiş edən polislərdən danışmışdım. Onları boş yerə xatırlamadım. Elə həmin yay idi. Həmin həmyerlim Şamxal ehtiyac olduğu üçün mənə balaca bir qırmızı avtomobil tapıb vermişdi. Çünki nəqliyyat və taksi işləmirdi. Axşam vaxtı evə qayıdırdım. Gördüm arxadan bir polis maşını dayan xəbərdarlığı edir. Saxladım. Yaxınlaşan kimi tanıdım. Həmin Aleksandr idi. Dərhal keçmiş tanış kimi salamlaşıb, tanışlıq verdim. Amma pərt oldum. O məni tanımadı, ya da tanımaq istəmədi. Hətta maşının alın şüşəsinə yapışdırılmış "press" yazısını da görüb əhəmiyyət vermədi. Sürət həddini 10 km/saat aşdığım üçün məni cərimələyib getdi.

Mübariz Aslanov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
oxu.az

1Mənbələr