AZ

On qəpiklik ölüm İnsan mənzərələri silsiləsindən

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Əlisəfdər HÜSEYNOV

Qoca pensiyasının son manatlarını aptekdə dərmanlara xərcləmiş, cibində vur-tut 90 qəpik qalmışdı - bir əlli, iki dənə də iyirmi qəpiklik. Növbəti pensiyanı almasına isə hələ üç gün vardı. Bu üç gün ona sonu olmayan əzablı yol kimi görünürdü. Gedə-gedə elə hey cibindəki qəpiklərin sayını barmaqları ilə yoxlayır, elə bil onları - son ümidini itirməkdən qorxur, ürəyində haqq-hesab aparırdı:

"Əgər bu gün 50 qəpiyə bir çörək alsam, onu ortadan bölüb iki  günümü yola verərəm. Bəs sonrakı gün nə edəcəyəm? On qəpik çatmayacaq axı..."

Qoca mağazaya girib xüsusi rəflərdə yığılmış çörəklərdən birini götürdü, tərəddüdlə kassanın arxasındakı gənc oğlana yaxınlaşdı. Sanki dilini bağlamışdılar, danışa bilmirdi. Birtəhər özünü ələ alıb cəsarətini topladı, ürəyi əsə-əsə asta səslə dedi:

- Oğul, üç günə bir çörəklik pulum, bir də qırx qəpiyim var. Bir çörəklə iki günu yola verərəm. Amma üçüncü gün çörək almağa on qəpiyim çatmayacaq. Olarmı bu gün  çörəyi mənə 40 qəpiyə verəsən? Qalan on qəpiyi borca yaz. Pensiya alan kimi gətirib qaytararam.

Kassir qocanı başdan ayağa süzüb bir anlıq susdu, sonra üzündə laqeyd və soyuq ifadə ilə cavab verdi:

- Ay dayı, vallah elə qəliz danışdın ki, bir şey başa düşmədim. Əvvəla, kim nə bilir üç günə nə olacaq, kim ölüb, kim qalacaq. İkincisi, bilmirsiniz ki, bütün dükanlarda  nisyə söhbəti yığışdırılıb? Siz çalışın, çörəyi iki yox, üç yerə bölün - hər günə bir parça. Qırx qəpiyin də qalar zapasda.

Qoca köksünü ötürüb, dinmədi, nəalac 50 qəpiyi əlləri əsə-əsə kassirə uzadıb çörəyi götürdü və o biri əli ilə cibində qalan 40 qəpiyi sığallaya-sığallaya küçəyə çıxdı.

Addımları ağır idi, ayaqlarını zorla çəkirdi. Ona elə gəlirdi ki, bu lənglik, astagəllik beynindəki fikirlərin ağırlığındandır. "Deməli, üç gün qənaətlə yaşamalıyam... Eh, qızın burda olsaydı, bu günə qalmazdım".

Yeganə övladı olan qızı altı aya yaxın idi ailəsi ilə "xoşbəxtlik ölkəsi" olan Kanadaya köçmüşdü və orada nə işlə məşğul olduqlarını, necə yaşadıqlarını bir Allah, bir də özləri bilirdi.

Qoca namuslu, şərəfli, təmiz bir ömür yaşamışdı və ağlına da gəlməzdi ki, bu ömrün sonuna doğru taleyin rüzgarı əksinə əsəcək, onun içində, ruhunda belə bir təlatüm yaradacaq...

Qəfildən qarşısına dəbdəbəli geyimdə üç gənc çıxdı: bir qız, iki oğlan. Oğlanların birinin çiynində kamera vardı.

Qız ərklə qocaya yaxınlaşıb dedi:

- Baba, reklama çəkilmək istəməzsiniz?

Qoca çaşdı, dayanıb təəccüblə onlara baxdı və bayaq mağazadan zorla dartıb çölə çıxartdığı olan- qalan gücünu toplayıb boğuq səslə soruşdu:

- Reklam? O nə olan şeydir?

Kamerasız oğlan gülümsəyərək izah etdi:

- Biz yeni açılmış özəl dəfn bürosunun əməkdaşlarıyıq. Reklam çarxı üçün tipaj axtarırıq. Sizin dannılarınız çox uyğun gəlir.

Qoca qaşlarını çatdı:

- Mənim rolum nə olacaq ki?

 Qız irəli çıxıb, sanki şirin bir sövdələşməyə çağırırmış kimi izah etdi:

- Ssenariyə görə siz bizim büro ilə əvvəlcədən öz dəfniniz üçün müqavilə bağlayan qoca obrazını canlandıracaqsınız. Əvvəlcə sizi fikirli halda, sonra isə ofisdə müqavilə bağlayan yerdə çəkəcəyik. Televizorda göstərəcəklər. Üstəlik, iyirmi manat qonorar da alacaqsınız.

Qoca əvvəlcə diksindi. Öz dəfninə dair müqavilə, televizor, kamera... Bütün bunlar ona qəribə, həm də anlaşılmaz görünürdü. Amma çörək dərdi, borc dərdi yadına düşəndə başını aşağı salıb köhnə peşəsinə xas olan - riyaziyyat müəllimi olmuşdu - əlüstu kiçik bir hesablama apardı: "İyirmi manatın içində əlli qırx qəpiklik, yaxud qırx ədəd çörək var. Bu, ən azından səksən gün çörək sarıdan arxayınçılıq deməkdir".

Qəfildən qocaya elə gəldi ki, iyirmi manat artıq cibindədir və onu asfalta mismarlayan ağırlıq da fikirlərinin, düşüncələrinin yox, üstünə 20 rəqəmi yazılmış həmin o əskinazın ağırlığıdır.

- Yaxşı... çəkin, mən razıyam.

Gənclərin üçü də eyni vaxtda "ux" deyib növbə ilə bir-birlərinin əllərinə vurub şappıldatdılar - yəni iş düzəldi. Qoca ilə bərabər, yaxınlıqdakı parkın sakit bir güşəsinə çəkilib işə başladılar. Qocanı skamyalardan birinə əyləşdirib tapşırdılar ki, əl ağacına söykənib nəzərlərini səmaya diksin və fikrə dalsın. Alınmadı. Kamerasız oğlan irəli yeridi, qocanın başını bir balaca sağa döndərib kameralı oğlana baxdı - yəni necədir? Kameralı oğlan baş barmağını yuxarı qaldırıb "əladır" işarəsi verdi. Amma çəkilişə başlamadı, çünki qocanın üzünün ifadəsi nəyə görəsə qızı razı salmırdı.

- Baba, elə baxırsan ki, elə bil  teatrda, yaxud sirkdə oturmusan. Sənin üzündə ölümün kölgəsini hiss eləyən bir adamın ürəyindən keçənlər oxunmalıdır ey.

Bu sözlər qocanın ürəyini titrətdi

- Niyə, a bala? Mən hələ ölməyə hazırlaşmıram axı.

- Ola bilər həyatda belədir. Amma rolikdə mütləq hazırlaşmalısınız. Gərək hər şey real və təbii görünsün.

Bu sözlərdən qocanın bayaq nanə yarpağı kimi əsən ürəyi elə bil yerindən qopdu və onun boş qalan yerinə qəm, kədər qarışıq bir ümidsizlik doldu. "Eh, qızım burda olsaydı..." - deyə fikirləşib istədi yerindən qalxaraq buranı tərk etsin. Amma gördü ki, ayağa qalxmağa taqəti yoxdur. Elə həmin anda bayaqkı oğlan irəli yeriyib dedi:

- Baba, təsəvvür elə ki, ölümünün yaxınlaşdığını hiss edirsən, amma bilirsən ki, səni layiqincə dəfn  eləyəcək kimsə yoxdur. Bax, xahiş edirəm, bu hissi yaşayasan.

Qocanın gözləri doldu, dodaqları səyirdi və oğlan dərhal çırtma vurub kameralı oğlana işarə verdi. Təxminən bir dəqiqə keçdi və bu səhnəni çəkən oğlan kameranı söndürüb yenə baş barmağını yuxarı qaldırdı:

- Möhtəşəm!

Reklam çarxının növbəti epizodu büronun direktorunun kabinetində lentə alındı - qoca qarşısındakı kağızları imzalayır, direktor da möhürləyirdi.

Çəkiliş başa çatandan sonra direktor zəngi basıb katibə qızı çağırdı və göstəriş ruhunda dedi:

- Valid müəllimə zəng vur, de ki, material hazırdır, reklam çarxının diktor mətnini göndərsin. - sonra cibindən bir dəstə pul çıxardaraq bir iyirmi manatlıq ayırıb masanın üstünə qoydu. Dolabdan üstü yazılı  bir kağız götürdü, pul ilə bir yerdə qocaya tərəf sürüşdürdü:

- Kişi, bura qol çəkib, pulunu götürüb gedə bilərsən.

Qoca qələmi götürüb kağızın üstünə əyildi. Amma səliqə ilə geyinmiş bu kök, orta yaşlı kişinin barmağı ilə göstərdiyi xanaya imza atmağı xeyli çəkdi. Təkcə ona görə yox ki, əsən əlini heç cür ram edə bilmirdi. Həm də ona görə ki, bayaq bu kişinin cibindən çıxartdıgı o bir dəstə pul qocanın gözləri qabağından çəkilmirdi.

Nəhayət, əyri-üyrü xətləri bir- birinə calayıb həmin xanaya "imza" qoydu və pulu masanın üstündən götürəndə boğuq səsi əlləri kimi əsə-əsə soruşdu:

- Nə vaxtsa sizə yenə lazım ola bilərəmmi?

Büronun direktoru soyuq səslə cavab verdi:

- Ola bilər. Bir az keçsin, sizi yenidən çəkərik. Amma bu dəfə sizi tabutun içində - vəfat etmiş vəziyyətdə çəkəcəyik. Beləcə, birinci reklamdakı arzunuza qovuşmuş olacaqsınız. Amma unutmayın, kişi, o, artıq son olacaq... çünki adam bir dəfə ölür.

...Qoca susdu. Sanki qulaqlarında dünyanın bütün səsləri birdən kəsildi. Əllərini çörəyin və iyirmi manatın üstünə qoyub, ağır-ağır ayağa qalxdı... İçindən yenə bir səs gəldi: "Eh, qızım yanımda olsaydı..."

Axşam evinə qayıdanda çörəyin yarısını kəsib süfrəyə, bugünkü qazancını - iyirmi manatı da onun yanına qoydu. Nəmli gözlərini gah para çörəyə, gah da pula dikə-dikə fikirləşdi: "Ölümü də əvvəlcədən pulla almaq olursa, deməli, yaşamaq üçün mənim heç nəyim qalmayıb..."

Sonra qoca stulda arxaya söykənib  gözlərini yumdu, növbəti dəfə " Eh, qızım yanımda olsaydı..." - deyə pıçıldayıb dərindən bir "ah" çəkdi...

Bu, onun bu dünyaya son sozü idi, çünki həyatla yoxluq arasındakı sərhəd yavaş-yavaş əriyib yox olurdu...

lll

Onu təbii ki, dəfn bürosu yox, qonşular yığışıb dəfn elədilər - səssiz, səmirsiz. Atasının ölümündən heç qızının da xəbəri olmadı. Kim idi onun adını, ünvanını bilən?

Qocanın ölümündən üç gün sonra dəfn bürosu öz reklam çarxını efirdə yerləşdirdi. "...Bu tədbirli qoca nə vaxtsa vəfat edəndə bütün qayda- qanunları ilə, hörmətlə dəfn olunacaq"...

Videoçarxa diktor mətni bu sözlərlə tamamlanırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
525.az

1Mənbələr