AZ

Ceyhun Məmmədova Qarabağda ev verilib? – “Sanki deputatlar başqa planetdən gəliblər, onlar bu dövlətin, ölkənin vətəndaşları deyillər...”

Qarabağda ev verildiyi deyilən Milli Məclisin deputatı Ceyhun Məmmədov haqqında yayılan məlumatlara münasibət bildirib.

 

C.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, hələ ev almayıb.

 

O qeyd edib ki, evlə bağlı da müraciət də etməyib: “Çünki hələ də nə qədər çətin şəraitdə yaşayan insanlarımız var. Ümumi fikirlərimi bildirdim ki, kəndlərimiz tikilir, bərpa olunur. Qarabağda mənə ev verilməsi ilə bağlı isə heç bir fikir bildirməmişəm. Təəssüf ki, gündəmdə qalmaq istəyən bəziləri məlumatı yanlış formada paylaşaraq guya mənə ev verilib şəklində ictimaiyyəti çaşdırmağa çalışırlar. Belə hal olduqda özüm məlumat verəcəyəm.  Yəqin ki, gələcəkdə olacaq, amma bu gün üçün hələ belə bir şey yoxdur. Baxıram, bir neçə sayt, ayrı-ayrı şəxslər məqsədli şəkildə şəklimi verirlər, altında da fikirlər yazırlar ki, deputata ev verilib... Xahiş edirəm, hər kəs bu məsələdə diqqətli olsun. Ev verilə bilər, bu normaldır və heç kimi narahat etməli deyil. Hər zaman olduğu kimi, gündəmdə qalmaq, deputatları söydürmək üçün bu cür ucuz təbliğata heç kim getməsin. Ümumiyyətlə, bu, məqsədli bir prosesdir. Həm daxildən, həm də xaricdən bir sıra adamlar dövlət qurumlarına, millət vəkillərinə, dövlət məmurlarına qarşı əhalidə kin və nifrət yaratmaqla məşğuldurlar. Çox təəssüf ki, bəzi vətəndaşlarımız da bu prosesə qoşulurlar. Sanki deputatlar başqa planetdən gəliblər, onlar bu dövlətin, bu ölkənin vətəndaşları deyillər. Bunu edən adamlar gündəmdə qalmağa çalışırlar, amma bilməlidirlər ki, belə addımlar yanlışdır. Əvvəl də demişəm, bütün sahələrdə öz işini vicdanla görən insanlar da var. Ola bilər, kimsə bu və ya digər formada işinə diqqətlə yanaşmasın. Yəni bütün sahələrdə insanlar eyni deyil. Media sahəsində də müxtəlif insanlar var, dövlət məmurları, həkimlər, müəllimlər arasında da. Müraciət edirəm ki, hər kəs diqqətli olmalıdır. Bundan şou düzəltməyə ehtiyac yoxdur. Ev veriləndə veriləcək. Bəli, deputat da bu xalqın nümayəndəsidir, məmur da. Ona ev verilə bilər, özü də ev tikə bilər. Bu, normal məsələdir. Bu yanaşmaya, təfəkkürə, ucuz təbliğata son qoymaq lazımdır. Bu cür təbliğatların ana hədəf və məqsədi dövlətə qarşı inamsızlıq və etimadsızlıq yaratmaqdır. Hər kəs çalışmalıdır ki, bu cür ucuz şou və təbliğatdan uzaq olsun. Biz bununla yox, Qarabağın azad olunması sevinci, şövqü ilə yaşamalıyıq. Xüsusilə, media, qələm əhlini məsuliyyətli olmağa çağırıram. Qələm müqəddəsdir, ondan düzgün istifadə edin. Kimisə qaralamaq, şantaj etmək, gündəmdə qalmaq üçün bunu etməyin. Çox təəssüf ki, bəzi insanlar fərqinə varmadan həm qələmə, həm dövlətə, həm də mətbuata xəyanət edirlər. Media, jurnalist gündəmdə qalmaq üçün hər şeyə getməməlidir. Təkrar edirəm, burada gizli bir şey yoxdur. Ev veriləcəksə, özüm açıqlayacağam ki, verilib”.

 

Aytəkin Qardaşova

Tarix: 24 Mart 2026, 14:30   
Seçilən
25
pravda.az

1Mənbələr