AZ

İran ABŞ-nin təkliflərini qəbul etdi – Nə baş verəcək?

ABŞ və İran arasında konfidensial danışıqların aparıldığını dəfələrlə qeyd etmişik. Xüsusilə, bu təşəbbüsün ABŞ tərəfindən irəli sürüldüyü aydın görünür və İran rəhbərliyi də buna razılıq verib.

ABŞ Prezidenti Donald Tramp danışıqların xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner tərəfindən aparıldığını bildirib. İranda isə SEPAH-ın yeni rəhbərliyi, parlament sədri Məhəmməd Baqir Qalibaf və prezident Məsud Pezeşkian danışıqlar məsələsində ortaq mövqeyə gəliblər. Bunun əsas səbəbi müharibənin davam edəcəyi təqdirdə İran rəhbərliyinin ciddi risklərlə üzləşməsi, hətta tam sıradan çıxarılmasıdır.

Məhəmməd Əsədullazadə

Məsələ haqda NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, əgər danışıqlar həqiqətən baş tutubsa, bu proses əsasən Qalibaf səviyyəsində aparılıb.

Hazırda İranda parlamentin sədri Qalibaf və SEPAH əsas söz sahibidir:

“ABŞ-nin danışıqlara getməsinin əsas səbəbləri kimi bir neçə amil önə çıxır: rejim dəyişikliyinə nail ola bilməməsi, quru əməliyyatın yüksək risk daşıması və İranın İsrailə endirdiyi son ballistik raket zərbələrinin regional dinamikanı dəyişməsi və sair amillər mövcuddur. Ümumilikdə, ABŞ danışıqlara açıq mövqe sərgiləyib və İranın parçalanmasında maraqlı olmadığını göstərib. Hətta Vaşinqton rejim daxilindən yeni liderlə işləməyə hazır olduğunu da vurğulayıb”.

“Digər tərəfdən, İsrail rəhbərliyi İranın hərbi və mülki infrastrukturunun ciddi şəkildə zəiflədilməsi, ölkədə daxili sabitsizliyin artması və uzunmüddətli xaosun davam etməsində maraqlı görünür. Bu isə ABŞ və İsrail arasında fikir ayrılıqlarının mövcud olduğunu göstərir. Amma, danışıqların pozulması ehtimalı yüksək olaraq qalır”, – deyə politoloq vurğulayıb.

Tunar
NOCOMMENT.az

Seçilən
27
2
nocomment.az

3Mənbələr