AZ

Bu gün Ümumdünya Vərəm Günüdür

Yazını böyüt
Yazını kiçilt

Hər il martın 24-ü dünya birliyi tərəfindən Ümumdünya Vərəm Günü kimi qeyd olunur.

Bu tarix 1882-ci ildə alman mikrobioloqu Robert Koxun vərəm törədicisini kəşf etdiyini elan etdiyi günlə bağlıdır. Alim bu kəşfinə görə 1905-ci ildə tibb üzrə Nobel mükafatına layiq görülüb.

Vərəmlə mübarizə günü rəsmi olaraq 1982-ci ildə, Kox çöpünün kəşfinin 100 illiyində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və IUATLD tərəfindən təsis edilib. 1993-cü ildə isə Ümumdünya Səhiyyə Təşkilatı vərəmi milli fövqəladə vəziyyət elan edərək, bu tarixin beynəlxalq əhəmiyyətini artırıb. 1998-ci ildən bu gün BMT-nin rəsmi dəstəyini alır.

Vərəm (lat. tuberculum – qabarcıq) hava-damcı yolu ilə yayılan infeksion xəstəlikdir. Müvafiq müalicə almayan aktiv vərəm xəstəsi ildə orta hesabla 10-15 nəfəri yoluxdura bilər. Dünya əhalisinin təxminən 25%-i vərəm bakteriyasının daşıyıcısıdır. Hər gün dünyada 3500-ə yaxın insan bu xəstəlikdən vəfat edir. Gündəlik təxminən 30 min yeni yoluxma halı qeydə alınır.

Xəstəliyin inkişafına əsasən zəif qidalanma, zərərli vərdişlər (tütün, alkoqol), ağır yaşayış şəraiti və şəkərli diabet kimi xroniki xəstəliklər zəmin yaradır.

1993-cü ildə ÜST vərəmlə mübarizə üçün DOTS (Birbaşa Müşahidə Altında Müalicə) strategiyasını rəsmi tövsiyə edib. Bu metodun tətbiqi sayəsində 2000-ci ildən bəri dünyada 79 milyon insanın həyatı xilas edilib.

Strategiyanın 5 əsas prinsipi:

Dövlət səviyyəsində siyasi dəstək;

Mikroskopik diaqnostika;

Fasiləsiz dərman təchizatı;

Müalicənin ciddi monitorinqi;

Nəticələrin müntəzəm qiymətləndirilməsi.

Düzgün müalicə ilə vərəm xəstələrinin 92-95 faizi tam sağala bilir.

Ümumdünya Vərəm Gününün rəsmi simvolu ağ çobanyastığıdır – bu, təmiz nəfəs və sağlamlığın rəmzidir. Həkimlər xatırladırlar ki, xəstəlikdən qorunmağın ən yaxşı yolu sağlam həyat tərzi və fiziki aktivlik, balanslı qidalanma, zərərli vərdişlərdən imtina, müntəzəm tibbi profilaktik müayinələrdir.

Vərəm sağalır, lakin hələ də hər il yoluxan 10 milyon insandan 3 milyonu lazımi müalicəni ala bilmir. Bu günün əsas məqsədi məhz bu boşluğu doldurmaq və cəmiyyətin məlumatlılığını artırmaqdır.

Seçilən
18
2
hafta.az

3Mənbələr