AZ

SON DƏQİQƏ: ABŞ və İran arasında BU ÖLKƏ vasitəçilik edir – Gizli danışıqların DETALLARI

ABŞ-nin İrana təklif etdiyi potensial danışıqların Türkiyə və digər dövlətlərin vasitəçiliyi ilə baş tutması planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-da mənzillənən "Al-Monitor" portalı Türkiyədəki mənbələrinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, danışıqlar barədə təklif rəsmi Tehrana məhz türkiyəli vasitəçilər vasitəsilə çatdırılıb. Dialoq baş tutacağı təqdirdə, Türkiyə nümayəndələrinin də orada iştirakı nəzərdə tutulur. Mənbə qeyd edir ki, ABŞ-ın təklifinə əsasən, Vaşinqtonu vitse-prezident Cey Di Vens təmsil etməlidir. İran tərəfindən isə Ağ Ev parlamentin (Məclis) sədri Məhəmməd Baqer Qalibafın iştirakına ümid edir.

Bundan əvvəl İsrailin "12-ci kanal"ı yüksək rütbəli rəsmi şəxsə istinadən bildirmişdi ki, ABŞ və İran nümayəndələri arasında görüş cari həftənin sonunda İslamabadda keçirilə bilər. Həmin mənbə də görüşdə Vens və Qalibafın iştirak ehtimalını vurğulamışdı.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında son iki gün ərzində Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması ilə bağlı İranla konstruktiv danışıqlar apardıqlarını yazıb. O, həmçinin Pentaqona İranın enerji infrastrukturuna zərbə endirilməsini beş gün müddətinə təxirə salmağı əmr etdiyini bildirib. Amerika lideri hər iki tərəfin razılığa gəlmək istədiyini və "mühüm ortaq məxrəclərin" tapıldığını bəyan edib.

Lakin İranın "Tasnim" agentliyi öz mənbələrinə istinadən Tehranın Vaşinqtonla hər hansı danışıqlar aparmadığını iddia edib. Agentliyin məlumatına görə, ABŞ Prezidentinin zərbələrdən imtina etməsinə səbəb "İranın hərbi təhdidlərinin daha inandırıcı xarakter almasıdır".

İqbal RZAYEV,
Musavat.com

Seçilən
23
1
musavat.com

10Mənbələr