Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova yerli məşqçilərə tənbəl deyən Şahin Çatmanın fikirlərinə etiraz edib. "Rekord.az" xəbər verir ki, türkiyəli mütəxəssis mətbuata müsahibəsində - “Təəssüf ki, azərbaycanlı məşqçilər tənbəldir. Onlar ilkin mərhələdə işləmək istəmir və hazır, yüksək səviyyəli oyunçulara üstünlük verirlər. Halbuki dünyada ən yaxşı mütəxəssislər məhz aşağı yaş qrupları ilə işləyir” - deyə fikir səsləndirib.

Kapitanımız A.Abduləzimova isə onun bu fikirləri ilə razılaşmayıb. Təcrübəli voleybolçumuz etirazını sosial şəbəkə vasitəsilə çatdırıb:

""Təəssüf ki, azərbaycanlı məşqçilər tənbəldir" - təəssüf ki, xaricdən dəvət edilən bir mütəxəssis gəldiyi ölkənin mütəxəssisləri haqqında belə düzgün olmayan fikir söyləyir. Bu fikirlər bütün yerli məşqçilərə aid edilirsə, onda xarici mütəxəssis bizim voleybolumuzun tarixinə bir də baxsın, Faiq Qarayev, Alla Həsənənova və digər mütəxəssislərimizlə bir də tanış olsun. Bu mütəxəssislərimizin yetişdirdiyi yeniyetmə oyunçular bu gün də gənc komandalarımızın əsasını təşkil edir. Əgər gənc məşqçilər nəzərdə tutulursa, Azərbaycanda kifayət qədər təcrübəli, yaxşı gənc məşqçi var. Onlar illərdi uşaqlarla çalışır, milli komandalarımız üçün voleybolçular yetişdirir.

Azərbaycanlı məşqçilər tənbəl deyil, onların yetişdirdiyi yeniyetmə və gənc voleybolçular bu gün Yüksək Liqa komandalarında çıxış edirlər. Əminəm ki, bu voleybolçular yaxın gələcəkdə əsas millimizin də heyətində çıxış edəcəklər".

Qeyd edək ki, Şahin Çatma 2023-cü ildən Azərbaycanda yeniyetmə və gənc voleybolçulardan ibarət yığma komandalara rəhbərlik edir.