AZ

Ayda kartof yetişdirmək mümkün ola bilər: İlk təcrübələr ümidvericidir

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Alimlər laboratoriya şəraitində Ay torpağına bənzər mühitdə kartof yetişdirməyə nail olublar.

Sherg.az xarici mediaya istinadən bildirir ki, təcrübələr göstərib ki, tərkibinə cəmi 5 faiz solucan gübrəsi əlavə edilən qarışıqda bitkilər çətin şəraitə baxmayaraq böyüyə və qida dəyərini qoruya bilir.

Laboratoriyada “Ay torpağı” yaradıldı

Oreqon Dövlət Universitetinin kosmik biologiya üzrə tədqiqatçısı Devid Hendi və komandası Ay səthini örtən regolit qatını laboratoriyada imitasiya edərək kartof yetişdirməyi bacarıb. Regolit gevşək və tozvari quruluşa malikdir və bitkilərin böyüməsi üçün zəruri olan üzvi maddələri ehtiva etmir. Bu səbəbdən alimlər ezilmiş minerallar və vulkanik kül qarışığından istifadə edərək Ay torpağına bənzər nümunə hazırlayıblar.

Üzvi maddə çatışmazlığını aradan qaldırmaq üçün qarışıma 5 faiz solucan gübrəsi əlavə edilib. Tədqiqatçılar bildirirlər ki, bu nisbət həm kartofların böyüməsini təmin edib, həm də Ayın sərt şəraitini qismən simulyasiya etməyə imkan verib.

İki aylıq təcrübənin nəticələri

Təxminən iki ay davam edən təcrübədən sonra yetişdirilən kartoflar yığılıb, dondurularaq qurudulub və analiz edilib. DNA araşdırmaları bitkilərdə stresslə bağlı genlərin aktivləşdiyini göstərib. Maraqlı məqam ondan ibarətdir ki, bu kartoflarda Yer şəraitində yetişdirilən nümunələrlə müqayisədə daha yüksək miqdarda mis və sink aşkar olunub. Bu isə insan istehlakı baxımından potensial risk kimi qiymətləndirilir.

Bununla belə, kartofların ümumi qida dəyərinin ənənəvi kartoflarla oxşar olduğu müəyyən edilib. Alimlər bunu bitkilərin stresə uyğunlaşmaq üçün əlavə enerji sərf etməsi, lakin qida keyfiyyətini qoruması ilə izah edirlər.

Araşdırmanın məhdudiyyətləri və gələcək planlar

Digər tədqiqatçılar qeyd edirlər ki, təcrübədə Ayın real şəraitində mövcud olan güclü radiasiya və vakuum kimi faktorlar nəzərə alınmayıb. Bu səbəbdən gələcək araşdırmaların birbaşa Ay torpağı nümunələri üzərində aparılması vacib sayılır.

Komanda müxtəlif kartof növlərini Ay torpağına bənzər mühitdə sınaqdan keçirməyi planlaşdırır. Məqsəd Ay şəraitinə daha uyğun sortları müəyyənləşdirmək və gələcəkdə genetik seçim yolu ilə daha davamlı bitkilər yetişdirməkdir.

Alimlər hesab edir ki, bu nəticələr uzunmüddətli perspektivdə Ayda dayanıqlı kənd təsərrüfatının qurulması və insanlı bazaların yaradılması üçün mühüm addım ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
sherg.az

1Mənbələr