AZ

“Başqana paltardəyişmə otağını tərk etməli olduğunu dedim” - Jezuşdan illər sonra “Fənərbaxça” ilə bağlı etiraflar gəldi

Portuqaliya futbolunun yetişdiridiyi ən mühüm məşqçilərdən biri olan Jorje Jezuş “Fənərbaxça”da çalışdığı dönəmə dair diqqətçəkən etirafları ilə gündəmə gəlib.

Məlum olduğu kimi, İstanbul nəhəngi 2022-nin yayında böyük ümidlərlə Jezuşu baş məşqçi postuna gətirmişdi. Komanda həmin vaxt ilk həftələri yaxşı keçirsə də, sonradan geriləmiş və Okan Burukun başçılığı altında birinci mövsümünü keçirən “Qalatasaray” çempion olmuşdu. “Sarı-lacivərdlilər” həmin “futbol ili”ndə yalnız ölkə kuboku ilə kifayətlənməli olmuşdu. 71 yaşlı mütəxəssisin “Rekord” nəşrində “İstanbul nəhəngində” sərlövhəli yazısı dərc olunub. Məşqçi həmin yazıda bunları qeyd edib:

“Fənərbaxça”da bir çox problemlərə və çatışmazlıqlara rəğmən, sona 12 tur qalmış liderdən cəmi 2 xal geridəydik. Həmin həftə öz meydanımızda “Beşiktaş”la qarşılaşdıq. Mən cəzalı olduğum üçün tribunadaydım. İlk yarını 1:0 öndə tamamladıq. İkinci hissə başlayan kimi rəqib azlıqda qaldı və biz penalti qazandıq. Valensiya o penaltini qola çevirsəydi, oyun bitəcəkdi. Amma fürsəti qaçırdı və komanda həmin andan etibarən yolunu azdı (“Fənər” 2:4 məğlub oldu – red.). Məhz həmin gün çempionluq əlimizdən çıxdı. Oyun bitəndən sonra paltardəyişmə otağına yollandım. Başqan (Əli Koç – red.) durmadan oyunçuların üzərinə bağırırdı. Onu dayandırdım və sözünü kəsdim. Ona paltardəyişmə otağına görə mənim məsuliyyət daşıdığımı xatırlatdım. Ona görə də sakitləşməli və otağı tərk etməli olduğunu dedim. Üzümə baxdı və “sabah saat 11-də ofisimə gəlməyini istəyirəm” dedi. Ertəsi gün artıq qovulacağımı düşünürdüm. Bu üzdən hətta köməkçilərimə çantaları yığmağı və ölkəni tərk etməyə hazırlaşmağı məsləhət gördüm. Amma ertəsi gün prezidentin ofisinə yollananda mənə təklif irəli sürdü. Bəli, müqaviləni yeniləmək istəyirdi. Qəbul etmədim və yalnız mövsümün sonuna qədər işləyərək ordan ayrıldım. Ona 7 illik prezidentliyi dönəmində yeganə titulu mən qazandırdım. Həmin mövsüm ölkə kubokunu qazandıq. Üstəlik Avropa Liqasında 1/4 finala qədər irəlilədik”.

Qeyd edək ki, Jezuş Türkiyədən ayrılandan sonra Səudiyyə Ərəbistanına yopllanaraq “Əl-Hilal”la ardıcıl qələbə baxımından futbol tarixinin rekordunu yenilədi və ölkə çempionu oldu. O, bu mövsüm də Kriştiano Ronaldolu “Əl-Nəssr”i çempion etməyə yaxındı.
Seçilən
28
1
football-plus.az

2Mənbələr