Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bəzi insanların 100 ildən çox yaşamasının səbəbi tək bir amillə izah olunmur. Lakin "Parade” nəşri yazır ki, ömrü uzadan müəyyən vərdişlər mövcuddur.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, sağlam həyat tərzi sayəsində ürək-damar xəstəlikləri, xərçəng və insult kimi əsas ölüm səbəblərinin riskini azaltmaq mümkündür. Bu vərdişlərə qida dəyəri yüksək olan məhsulların qəbulu, müntəzəm fiziki fəaliyyət, siqaretdən imtina, günəşdən qoruyucu vasitələrdən istifadə, kifayət qədər yuxu və stressin effektiv idarə olunması daxildir.
Ən vacib vərdiş
Baxmayaraq ki, sağlam həyat tərzi sürən insanların adətən bir neçə yaxşı vərdişi olur, mütəxəssislər bir vərdişin digərlərindən daha vacib olduğunu vurğulayırlar.
Uzunömürlülük üzrə ekspertlərin fikrincə, aktiv həyat tərzi ən əsas amildir.
Ortoped həkim Don Massallem bildirir: "Fiziki aktivlik yalnız ürəyi gücləndirmir və ya kaloriləri yandırmır. O, bədənin demək olar ki, bütün orqan sistemlərinə təsir edir və biologiyanı əsaslı şəkildə dəyişir".
"JAMA Network Open” jurnalında dərc olunan araşdırmaya görə, aktiv həyat tərzi keçirən insanların ümumi ölüm riski fiziki aktiv olmayanlarla müqayisədə 29-36% daha aşağıdır. Həkim bunun əsas səbəblərindən birinin müntəzəm məşqlərin ürək-damar sistemini gücləndirməsi olduğunu qeyd edir.
Həkim Cennifer Timmons da bu fikri dəstəkləyir. Onun sözlərinə görə, fiziki aktivlik qan təzyiqini azaldır, qan dövranını yaxşılaşdırır və damarların daxili qatının funksiyasını dəstəkləyir. Bundan əlavə, aktiv həyat tərzi ömrü qısaldan piylənmə riskini də azaldır.
Hüceyrə səviyyəsində təsir
Terapevt həkim Nataliya Sadovska bildirir ki, fiziki məşqlər hüceyrə səviyyəsində də sağlamlığı yaxşılaşdırır. Bu, mitoxondrilərin fəaliyyətini artıraraq yaş artdıqca orqanizmin enerji istehsal qabiliyyətini qorumağa kömək edir.
Onun sözlərinə görə, müntəzəm hərəkət bədənin adaptiv və dayanıqlı qalmasına siqnal verir. Araşdırmalar göstərir ki, ömür boyu orta səviyyədə aktiv olan insanların ürək-damar və metabolik xəstəliklər, eləcə də idrak zəifləməsi riski daha aşağı olur.
Cennifer Timmons əlavə edir ki, fiziki aktivlik hüceyrə səviyyəsində DNT-ni qoruyur və telomerlərin uzunluğunu dəstəkləyir. Yaş artdıqca telomerlər qısalır, lakin hərəkət telomeraza fermentinin aktivliyini artıraraq bu prosesi ləngidir.
Bundan başqa, Don Massallem qeyd edir ki, fiziki aktivlik beyin sağlamlığı üçün də vacibdir. 2025-ci ildə 4300-dən çox insan üzərində aparılan və 37 il davam edən araşdırma göstərib ki, orta və yaşlı dövrdə daha aktiv olan şəxslərdə demensiya riski 45% daha aşağı olub.
Nə qədər hərəkət kifayətdir?
Həkimlərin fikrincə, istənilən miqdarda fiziki aktivlik faydalıdır və aktivlik artdıqca faydası da çoxalır.
Araşdırmalara görə, gündə təxminən 2600–2800 addım (20–25 dəqiqəlik gəzinti) belə ölüm riskinin azalmasına səbəb olur. Lakin mütəxəssislər daha nəzərəçarpan təsir üçün gündə 8800–10 000 addım atmağı tövsiyə edirlər.
Nataliya Sadovska vurğulayır ki, ömrü uzatmaq üçün fiziki fəaliyyət mütləq intensiv olmalıdır deyə bir qayda yoxdur. Onun sözlərinə görə, müntəzəm gəzinti böyük əzələ qruplarını işə salır, qan dövranını yaxşılaşdırır və orqanizmə həddindən artıq yük vermədən metabolik sağlamlığı dəstəkləyir.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.