AZ

İranlılar niyə inqilab etmir? | ŞƏRH

EkspertƏkrəm Həsənovun fikrincə, bunun iki əsas səbəbi var: 1) rejimin ədalətlilik səviyyəsi; 2) ABŞ və İsrailə etimadsızlıq.

Molla rejimi bütün mənfilərinə rəğmən, daha ədalətlidir. Yəni pis-yaxşı qanunçuluq, iqtisadi hüquqların təminatı mövcuddur. İqtisadi inhisarçılıq yoxdur. Hətta məhdud siyasi hüquqlar da var: hər kəs seçkiyə buraxılmasa da, səsvermənin özündə saxtakarlıq əsasən olmur. Siyasi elita özünü xalqdan çox da fərqləndirmir, hətta müharibədə övladları ilə bərabər ölümə də gedir.

Şahın rejimi isə tipik Şərq diktaturası idi. Məsələn, əfqanlar da yenidən Taliban iqtidarını ona görə qəbul etdilər ki, onlar daha ədalətlidir. ABŞ-nin Əfqanıstanda qurduğu dövlət isə tipik Şərq diktaturası idi. İrandakı molla rejimi, Əfqanıstandakı Taliban rejimi fərdi diktatura deyil. Necə ki, SSRİ-də Stalindən sonra fərdi diktatura yox idi. Sinqapurda, Çində, Səudiyyə Ərəbistanında, BƏƏ-də də belədir. Fərdi diktatura olmayan ölkədə isə qanunçuluğun səviyyəsi daha yüksək olur, çünki məhdud da olsa siyasi rəqabət var. Sadə insanı dövlətin ideologiyası az maraqlandırır: klerikalizm, kommunizm, liberalizm, hətta lap faşizm olsun. Sıravi vətəndaşı qanunçuluq maraqlandırır.


İsrailə və ABŞ-a etimadsızlığa gəlincə, 50-70-i illərdə şahın əsas repressiv qurumu olan SAVAK ABŞ və İsrailin birbaşa təlimatı və dəstəyi ilə İran müxalifətçilərinin (respublikaçılar, liberallar, kommunistlər, dindarlarlar, milli azlıq nümayəndələri və s.) başına oyun açırdı. SAVAK təqiblər, həbslər, amansız işgəncələr, qətllər (o cümlədən xaricdə) və digər qəddar tədbirlər üzrə çox mahir idi. Amma bu mahirliyin müəllimi əvvəlcə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, 60-cı illərin əvvəlindən isə İsrailin MOSSAD-ı idi.

Sonuncunun rolu xüsusilə əhəmiyyətli idi: onlar iranlı həmkarlarına hitlerçilərin amansız metodları üzrə təlim keçirdilər. Həmin dövrdə İsrailin əsas düşmənləri ərəb dövlətləri idi. Buna görə də ABŞ və İsrail İrandan ərəb dövlətlərinə qarşı istifadə edirdilər (indi isə əksinə, ərəblərdən İrana qarşı istifadə edirlər). Buna görə də şahın iqtidarını hər hansı müxalifətdən qorumağa çalışırdılar.

Təsadüfi deyil ki, hazırda rəsmi Vaşinqton Pəhləvini dəstəkləməkdən çəkinir. Amma iranlılar yenə də nə ABŞ-a, nə də İsrailə inanırlar. ABŞ və İsrail İranda demokratik rejimin bərqərar olmağını istəyirsə, niyə vaxtilə bütün demokratik qüvvələrin məhv edilməsində şaha tam dəstək vermişdilər? Elə bunun nəticəsində İranda molla rejimi qurulmuşdu.

Ümumiyyətlə, İranın xüsusilə İsrailə mənfi münasibətinin mahiyyətini başa düşmək üçün sadəcə SAVAK haqda kiçik araşdırma aparmaq lazımdır, hər şey aydın olacaq. Netanyahu indi iranlılara çox şey vəd edə bilər, amma tarixi faktlar əksini deyir...
Seçilən
89
48
azvision.az

10Mənbələr