AZ

Sosial medianın gənclərə təsiri: dəyərlər və məsuliyyət balansı necə qorunmalıdır?

Son illərdə sosial media cəmiyyətin bütün təbəqələrinə, xüsusilə də gənclərin düşüncə tərzinə, davranış modelinə və dəyərlər sisteminə ciddi təsir göstərən əsas platformalardan birinə çevrilib. Sürətlə yayılan trendlər, bəzən milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edən məzmunlar gənclərin formalaşma prosesinə birbaşa təsir edir. Bu fonunda həm dövlət, həm ailə, həm də təhsil institutlarının üzərinə mühüm məsuliyyət düşür. Cəmiyyətin mənəvi təhlükəsizliyinin qorunması ilə sosial medianın yaratdığı azad mühit arasında düzgün balansın tapılması isə günün aktual məsələlərindən biri kimi diqqət çəkir.
Sosial medianın gənclərin davranış və dəyərlərinə mənfi təsirini nəzərə alaraq, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşması üçün dövlət, ailə və təhsil institutları arasında koordinasiya necə qurulmalıdır? Həmçinin, maarifləndirmə və zərurət yarandıqda tənzimləyici mexanizmlər sosial medianın azadlığı ilə cəmiyyətin mənəvi təhlükəsizliyi arasında balansı necə təmin etməlidir?
Moderator.az mövzuyla bağlı yaranan sualları millət vəkili Ceyhun Məmmədova ünvanlayıb.

Millət vəkili qeyd edib ki, bu gün sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və gənclərin davranışına çox ciddi təsir göstərir:

"Bu təsir getdikcə daha da artır. Bu təsirin doğru istiqamətdə idarə olunması və müsbət istiqamətdə inkişafı üçün mütləq şəkildə dövlət, ailə və təhsil inistitu arasında əməkdaşlıq olmalıdır.
Yəni ailə öz rolunu oynamalıdır. Ailə nümunədir, ailə öz övladına düzgün və sağlam tərbiyə verməli, istiqamət göstərməli və bu istiqamətdə addımlar atmalıdır. Birinci növbədə ailənin üzərinə ciddi məsuliyyət düşür.
Daha sonra isə bizim iki əsas qalamız var: biri ailə, digəri məktəbdir. Məktəb də öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yəni məktəb yalnız təhsil verməklə kifayətlənməməli, eyni zamanda tərbiyə də verməli və bu istiqamətdə addımlar atmalıdır.
Təbii ki, sosial medianın tam qapadılması mümkün deyil. Lakin onun müəyyən çərçivələr daxilində tənzimlənməsinə ehtiyac var. Yəni azadlıq təhlükəsizlik üçün problem yaratmamalıdır. Əgər istənilən informasiya milli təhlükəsizliyimizi təhdid edirsə, ona xələl gətirirsə və ya problem yaradırsa, bu məsələdə mütləq ciddi addımlar atılmalıdır.
Son vaxtlar parlamentdə bir sıra sənədlər, qaydalar və qanunlar qəbul olunub və bu da məsələnin nə qədər önəmli olduğunu göstərir. Yəni tənzimləmə olmalıdır, amma ən vacibi daha geniş maarifləndirmə və təbliğat işlərinin aparılmasıdır ki, bu problemi effektiv şəkildə həll etmək mümkün olsun".

Pərvin Şakirqızı

Seçilən
61
1
moderator.az

2Mənbələr