
NATO-nun Baş katibi Mark Rutte müttəfiq ölkələrin Hörmüz boğazının yenidən açılmasına dəstək vermək məsələsindəki tərəddüdləri ilə bağlı ABŞ Prezidenti Donald Trampdan anlayış göstərməsini xahiş edib.
AFN.az xəbər verir ki, CBS News kanalında yayımlanan "Face the Nation" proqramının qonağı olan Rutte Tramp ilə NATO arasındakı İran ixtilafını qiymətləndirib. NATO müttəfiqlərinin Hörmüz boğazının açılmasına hərbi dəstək vermək xüsusunda tərəddüd yaşamasının anlaşılan bir vəziyyət olduğunu vurğulayan Rutte, bununla belə, həmin ölkələrin yavaş-yavaş Hörmüz boğazı üçün bir araya gəlməyə başladıqlarını bildirib.
Rutte məsələ ilə bağlı fikirlərini bu cür ifadə edib: "Bunun bir qədər vaxt aparacağı ilə bağlı Prezident Trampın məyusluğunu başa düşürəm, lakin yenə də bir az anlayış rica edirəm, çünki ölkələr buna hazırlaşmaq məcburiyyətindədir. Onların İrana qarşı ilk hücum haqqında məlumatları yox idi və bunun üçün keçərli səbəblər mövcud idi, lakin indi Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün birləşirlər".
Qeyd edək ki, Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland və İngiltərə liderləri martın 19-da İranın Körfəz ölkələrinə qarşı son hücumlarını və Hörmüz boğazını bağlamasını pisləyən birgə bəyanat yaymışdılar. Liderlər ortaq məktubda boğazdan təhlükəsiz keçidi təmin etmək üçün müvafiq səylərə töhfə verməyə hazır olduqlarını qeyd etmişdilər. ABŞ Prezidenti Tramp isə NATO-ya qarşı tənqidlərini davam etdirərək martın 20-də paylaşdığı məlumatda "ABŞ olmadan NATO kağızdan bir pələngdir" ifadəsini işlədib.