“Oyun çox möhtəşəm idi. Komanda əsl xarakter göstərdi. “Qarabağ” kimi rəqiblə oynamaq çox çətindir. Heç kimə onlarla mübarizə aparmaq asan deyildi. Şükür ki, qələbə qazandıq. Belə komandalara qarşı çıxış edəndə təzyiq altında olursan. İnkişaf edirsən. Bu mövsüm ikinci dəfədir “Qarabağ”ı uduruq. Göstərdir ki, təsadüfü deyil”.
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in qapıçısı Yusif İmanov “Qarabağ” qələbəsi (1:0) sonrası deyib. Ağdam klubuna qarşı yaxşı oyun keçirən qolkiper daha sonra belə davam edib:
“Özümü komandanın ən yaxşısı hesab etmirəm. Kollektiv şəkildə uğurlu çıxış etdik. Uşaqlar çox əziyyət çəkdilər. Əslində həmişə nəticə qazanmaq istəyirik. Elə oyunlar olur ki, yaxşı mübarizə aparırıq. Amma bəzən ani diqqətsizlikdən qollar buraxırıq. Həmişə çalışırıq ki, ən yaxşısını edək. Təəssüf ki, həmişə alınmır. Ümid edirəm ki, Premyer Liqada qalacağıq. “Kəpəz” kimi klubun hədəfi böyük olmalıdır”.
Milliyə dəvət almayan Y.İmanov qərardan məyus olduğunu bildidirib:
“Ayxan Abbasovdan dəvət gözləyirdim. Siyahını görəndə çox məyus oldum. Qərara hörmətlə yanaşıram. Ancaq onu qeyd edim ki, hazırda oynayıram. Oyun təcrübəm də var. Bu səbəbdən dəvət gözləyirdim. Kim çağırılıbsa, ona uğurlar arzulayıram”.
Həsən Quluzadə