Addımbaşı düzülmüş ölü quşlar...
Xəzər dənizinin Lənkəran sahilləri bu günlərdə təkcə dalğalarla yox, həm də sahil boyu düzülən quş cəsədləri ilə diqqəti cəlb edir.
Xezerxeber.az xəbər verir ki, rayonun Kiçik Bazar adlanan ərazisində sahil boyu onlarla qarabatdaq quşunun cəsədi aşkarlanıb. İri daşların dibinə sığınmış vəziyyətdə can verən bu köçəri quşlar yerli sakinləri də narhat edib. Uzun illərdir bu ərazilərdə yaşayanlar belə mənzərəni ilk dəfə gördüklərini deyirlər.
Adətən Xəzər sahillərindən Nərimanabad qəsəbəsinin su-bataqlıq ərazilərinə miqrasiya edən bu quşlar üçün mart ayı həm də köç mövsümüdür. Lakin sahildə gəzintiyə çıxanların rastlaşdığı bu hadisə hansısa kütləvi xəstəlik şübhəsini də yaradıb.
Mütəxəssislər deyirlər ki, buna səbəb suyun çirklənməsindən tutmuş, iqlim dəyişikliyinin yaratdığı qida qıtlığına qədər bir neçə ciddi amil ola bilər. Əsas versiyalardan biri isə Xəzər dənizinin akvatoriyasının daralmasıdır.
Hazırda quşların dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırma aparılmasına ehtiyac var. Ekoloji tarazlığın qorunması üçün bu həyəcan təbili vaxtında eşidilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.