"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu fevralın 19-da Avropa Liqasının pley-offunda ''Nottingem Forest''ə qarşı ev oyununda əzələsindən zədə alaraq ilk yarıda əvəzlənmişdi. Həmin vaxtdan bu yana o, 6 rəsmi oyunun hamısını buraxıb. Amma yığmaya dəvət alıb.
Slovakiya DÇ-2026-nın pley-offunda Kosovo ilə qarşılaşacaq. Bu oyunun qalibi həlledici matçda Türkiyə - Rumıniya duelinin qalibi ilə üz-üzə gələcək.
Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona Şkrinyarın durumu haqda danışaraq bunları deyib:
''Bəli, Şkrinyar ciddi bir zədədən dönüb və bizimlə birlikdə olmaq üçün əlindən gələni edir. Qarşıdakı oyunlara hazır olmaq üçün bəlkə də karyerasının müəyyən dönəmini riskə atıb''.
Slovakiyalı həmkarlarımız isə məsələni bir qədər də irəli daşıyaraq ölkənin ən tanınmış idman həkimi, travmatoloq-ortoped Roman Fanonun da fikirlərini öyrəniblər:
''Asanlıqla sağalmayan bir zədədi. Yüz faiz yaxşılaşması üçün ciddi müalicə dönəmi keçməli və meydana çıxmağa tələsməməlidi. Ağrıkəsici iynələrlə oynamaq olar. Ancaq bu halda zədənin təkrarlanması və ya durumun daha da pis olması ehtimalı var. Ağrıları bitməyibsə, ona meydana çıxmağı məsləhət görmürəm''.
Qeyd edək ki, Şkrinyar zədələndikdən bu yana ''Fənər'' superliqada ciddi xallar itirib və demək olar, çempionluq şansını əldən verib.